Fransa hökuməti Kamçatkada baş verən zəlzələdən sonra mümkün xilasetmə əməliyyatları üçün Sakit okeandakı dənizaşırı ərazilərdə silahlı qüvvələrini hazırlıq vəziyyətinə gətirib.
“Report” Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornyu sosial şəbəkələrdə bildirib.
“Sakit okeanda Rusiya sahillərində baş verən güclü zəlzələdən sonra Fransız Polineziyasındakı silahlı qüvvələrimiz potensial axtarış-xilasetmə əməliyyatlarında və ya tibbi təxliyədə vətəndaşlarımıza və dövlət xidmətlərinə yardım göstərmək üçün hazırlıq vəziyyətinə gətirilib”, – o qeyd edib.
Kamçatkada baş verən zəlzələdən sonra Fransız Polineziyasının bir hissəsində sunami təhlükəsi elan edilib.
“Report” xəbər verir ki, bu barədə Fransanın Dənizaşırı Ərazilər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
“Zəlzələdən sonra Fransız Polineziyasının Markiz adalarında sunami xəbərdarlığı elan edilib”, – məlumatda qeyd olunub.
Yerli sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmək və təxliyəyə hazır olmaqla bağlı çağırış edilib.
Adalar Sakit okeanın mərkəzi hissəsində yerləşir.
Mənbə: Report.Az
Comments are closed.