Neftçi”nin baş məşqçisi: “Türkiyə klubunda heyətdəki dəyişikliklər səbəbindən uyğunlaşma problemi yaşana bilər

“Neftçi”nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Fomget”də (Türkiyə) heyətdəki dəyişikliklər səbəbindən uyğunlaşma problemi yaşana bilər.

Bunu “Report”a açıqlamasında Bakı klubunun baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis çox önəmli matça çıxacaqlarını vurğulayıb:

“Bu gün çox önəmli oyuna çıxacağıq. Təəssüf ki, iki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır. Birinci il Avstriya çempionu ilə oynadıq. Bu il isə Türkiyə çempionu ilə qarşılaşacağıq. “Fomget” həqiqətən də son illərdə qadın futboluna çox yaxşı yatırımlar edib. Əlbəttə, heyətdə dəyişikliklər var. Son bir ayda 10-a yaxın futbolçu gətiriblər və hər biri fərdi baxımdan keyfiyyətlidirlər. Eyni zamanda, öz millilərinin üzvüdürlər. Bəlkə də rəqibin heyətində çox dəyişikliklər edildiyinə görə uyğunlaşma baxımından sıxıntı yaşaya bilərlər”.

Baş məşqçi rəqibi təhlil etdiklərini söyləyib:

“Oyuna maksimum şəkildə hazırlaşmışıq. Çalışacağıq ki, bu gün yaxşı işlər görək. Rəqibi təhlil etmişik. Məşqçilər korpusu dəyişib. Hazırlıq dönəmində oyun keçirməyiblər. Mənim “Fomget”də çalışdığım dönəmlərdən tanıdığım bir sıra oyunçular var ki, hazırda da əsas heyət üzvdürlər. Yeni gələnlərlə bağlı da məlumat öyrənməyə çalışmışıq. Buna uyğun hazırlıq görmüşük”.

S.Əsgərov komandasında ciddi itkilər olmadığını bildirib:

“Düzdür, bəzi futbolçular gətirmişik. Türkiyədən bəzi futbolçular dəvət etmişik və boşluqları doldurmağa çalışmışıq. Bakıdakı toplanış zamanı zədələnən oyunçularımız da var idi. Əlbəttə, məqsəd növbəti mərhələyə keçməkdir. Bu matçın qalibi İsrail klubu ilə oynayacaq. Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, bu gün az səhv etsək, həmçinin rəqibi səhvlərə məcbur etsək, istəyimizə nail olarıq”.

Qeyd edək ki, “Fomget” – “Neftçi” matçı bu gün Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More