Samir Məmmədov: “Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib”

Azərbaycanın informasiya məkanının müasir təhdidlərdən qorunması artıq milli təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrailin “Technion” Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sayca beşinci “Məzun Günü”ndə bildirib.

Onun sözlərinə görə, sürətli rəqəmsallaşma fonunda kibertəhdidlərin sayı artır, yeni və daha mürəkkəb kibercinayət növləri yayılır: “Kibertəhlükəsizlik məsələsi qlobal miqyasda olduğu kimi, Azərbaycanda da getdikcə daha aktual xarakter alır. Dünya üzrə kibercinayətkarlığın dövlətlərə, iqtisadiyyata və cəmiyyətə vurduğu zərər artıq trilyon dollarlarla ölçülür. Məsələn, “Statista” platformasının hesablamalarına əsasən, kibercinayətkarlığın yaratdığı iqtisadi zərər 2025-ci ildə 10 trilyon ABŞ dolları olacaq. Bu rəqəmin 2029-cu ilə qədər 16 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır”.

Nazir müavini qeyd edib ki, kibercinayətkarlar həm dövlət, həm də özəl sektoru hədəfə ala bilirlər, bu baxımdan heç bir qurum 100 % təhlükəsiz deyil: “Məhz buna görə şirkətlərdə, dövlət qurumlarında və xüsusilə də kritik infrastruktura malik müəssisələrdə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış insan kapitalının, lisenziyalı proqram təminatlarının və antivirus sistemlərinin olması xüsusi əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, kibertəhdidlər Azərbaycandan da yan keçmir: “Odur ki, dövlət rəhbərliyi səviyyəsində bu sahədə kompleks və strateji yanaşma formalaşdırılıb”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More