Sülh sazişi təkcə Ermənistan və Azərbaycana fayda gətirməyəcək, həm də bütün Cənubi Qafqazda sabitliyi və Avropa ilə əlaqələri gücləndirəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İsveç, Finlandiya, Danimarka və Norveçdəki səfiri Zaur Əhmədov Norveçin “Geopolitica” nəşrində dərc olunmuş məqaləsində yazıb.
Onun sözlərinə görə, bu gün tərəflər döyüş əməliyyatlarının dayandırılmasına nail olublar, Azərbaycan öz ərazilərinə tam nəzarət edir, sülh sazişi layihəsi artıq hazırlanıb və razılaşdırılıb. Bundan əlavə, Bakı sənədi paraflamağı təklif edib. Lakin onun imzalanması üçün atılması zəruri olan addımlar qalır.
“Əsas maneə hüquqi və siyasi xarakterlidir: Ermənistan Konstitusiyasında hələ də Azərbaycana, xüsusilə Qarabağa qarşı ərazi iddialarını ehtiva edən ifadələr qalmaqdadır. Bu, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri ilə bir araya sığmır. Ermənistan bunun praktiki əhəmiyyət daşımadığını iddia edir. Lakin bizim təcrübəmiz bunun belə olmadığını deyir. Tarix göstərir ki, Ermənistan Konstitusiyasından artıq qanunsuz siyasi ambisiyalar üçün bəhanə kimi istifadə edilib”, – o bildirib.
Z.Əhmədov həmçinin ATƏT-in Minsk qrupunun formatının köhnəldiyini qeyd edib. Onun sözlərinə görə, bu format 30 ildən çox müddətdə heç bir nəzərəçarpacaq nəticəyə gətirib çıxarmayıb, yalnız status-kvonu qoruyub. Müasir danışıqlar birbaşa – artıq baş verdiyi kimi – üçüncü tərəflərin vasitəçiliyi olmadan aparılmalıdır.
O, Şərqi və Qərbi, Şimalı və Cənubu birləşdirəcək və regionun Avropa ilə yaxınlaşmasının ən vacib elementi ola biləcək Zəngəzur dəhlizinə xüsusi diqqət ayırıb.
“Azərbaycan artıq bu infrastrukturun özünə aid hissəsini inşa edir və əgər Ermənistan qoşulmağa hazırdırsa, qapılar açıqdır”, – o bəyan edib.
Sonda Z.Əhmədov vurğulayıb ki, sülh siyasi iradə, strateji düşüncə və təkcə növbəti seçkilər haqqında deyil, gələcək nəsil haqqında da düşünmək istəyi tələb edir:
“Azərbaycan sülhə hazırdır. İndi ölkə Ermənistandan qətiyyətli addımlar gözləyir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.