İsveç məhkəməsi ölkə vətəndaşı Üsamə Krayemi 2015-ci ildə iordaniyalı pilot Muat əl-Kaseasbehin öldürülməsində iştirakına görə ömürlük həbs cəzasına məhkum edib.
“Report” xarici mediaya istinadən xəbər verir ki, 2014-cü ilin dekabrında Suriyanın Rəqqa şəhəri yaxınlığında F-16 qırıcısının qəzaya uğraması ilə nəticələnən terror aktına görə məsuliyyəti həmin əraziyə nəzarət edən “İslam Dövləti” (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.
26 yaşlı pilot, İordaniya Hərbi Hava Qüvvələrinin baş leytenantı əsir götürülüb. 2015-ci ilin əvvəlində yaraqlılar onu diri-diri yandırıblar.
İstintaq məlumatına görə, 32 yaşlı Krayem İŞİD sıralarında döyüşmək üçün 2014-cü ilin sentyabrında Suriyaya gedib. Onun pilotun öldürülməsində iştirak edən yaraqlılardan biri olduğu müəyyən edilib.
2025-ci ilin mayında ona qarşı ağır hərbi cinayətlər və terror aktları törətməklə bağlı ittiham irəli sürülüb. Daha əvvəl o, Paris və Brüsseldə törədilmiş terror aktlarında iştirakına görə Fransa və Belçikada məhkum edilib.
Məhkəmə onu təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.

Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.