Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Qərb ölkələri Moskva və Minskə qarşı sanksiyalar tətbiq etməklə özünə ziyan vurur.
“Report” BELTA-ya istinadən xəbər verir ki, o, bunu Belarusun diplomatik missiyalarının rəhbərləri ilə görüşü zamanı deyib.
“Avropa İttifaqı 2020-ci ildən bəri 18 sanksiya paketi hazırlayıb. 2022-ci ildə 5, sonra 4, daha sonra isə 3 paket qəbul edib. Bu il hələlik 1 sanksiya paketi tətbiq edilib. Artıq qadağa qoymağa heç nə qalmayıb? Yoxsa özlərinə ziyan vurduqlarını hiss ediblər? Yəqin ki, hər ikisi”, – o bildirib.
Belarus lideri hesab edir ki, Donald Trampın ABŞ Prezidenti vəzifəsinə qayıtması Vaşinqton və Minsk arasında münasibətlərin yaxşılaşmasına imkan yaradıb.
“Siz Trampın prinsipini bilirsiniz: Amerika hər şeydən öncədir. Amma bəlkə də bu, keçmiş prezident Co Baydenin dövründə mövcud olmuş “liberal dünya nizamı”ndan daha yaxşıdır. Amerikalılarla son görüşlər göstərdi ki, onlar dinləməyə hazırdırlar. Trampın qayıdışı münasibətlərin yaxşılaşması üçün fürsət pəncərəsi açıb”, – A.Lukaşenko vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.