“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı Şimali Makedoniyanın “Şkendiya” klubunun 46 yaşı var.
“Report” xəbər verir ki, Tetovo şəhərini təmsil edən komandanın əsası 1979-cu ildə Yuqoslaviyada yaşayan albanlar tərəfindən qoyulub.
Yarandığı ilk gündən həm siyasi, həm də mədəni “yük daşıyan” klub 1980-ci illərin əvvəlində o dövrün kommunist hökumətinin təzyiqi ilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Lakin Makedoniyanın müstəqilliyindən (1991) sonra, 1992-ci ildə klub yenidən qurularaq futbol səhnəsinə qayıdıb. “Şkendiya” 1995-ci ildə ölkənin əsas futbol liqasına vəsiqə qazanıb.
Klubun əsas rəngləri olan qırmızı və qara Albaniya bayrağını simvolizə edir. Bu səbəbdən “Şkendiya” “Kuq e Zi” (Qırmızı-Qara) ləqəbi ilə də tanınır. Komanda ev oyunlarını 15 min azarkeş tutumuna malik “Ekoloq Arena”da keçirir.
“Şkendiya” İlk böyük uğurunu 2010/2011 mövsümündə ölkə çempionu olmaqla qazanıb. Daha sonra isə Şimali Makedoniya təmsilçisi 2017/2018, 2018/2019 və 2020/2021 və 2024/2025 mövsümlərində çempionluq sevinci yaşayıb. Komanda həmçinin iki dəfə (2016 və 2018) ölkə kubokuna və bir dəfə Superkuboka (2011) sahib çıxıb. Beşqat ölkə çempionunun hesabında 4 gümüş medal da var.
“Şkendiya”nın avrokuboklarda ən böyük uğuru UEFA Avropa Liqasının 2016/17, 2017/18 və 2018/19 mövsümlərində pley-off mərhələsinə qədər irəliləməsi olub. Cari mövsümdə “Şkendiya” tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib. Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniyanın FCSB klubunu (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ” Şimali Makedoniya klubunun Azərbaycandan olan ilk rəqibi deyil. “Şkendiya” 2016-cı ildə Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”ni iki oyunun nəticəsinə görə (0:0, 1:0) məğlub edib. 2020-ci ildə isə UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sumqayıt”ı mübarizədən kənarlaşdırıblar – 2:0 (COVİD-19 ilə əlaqədar təsnifat mərhələləri bir oyundan ibarət olub).
Klub tarixinin ən yaxşı bombardiri Besart İbraimidir. Makedoniyalı hücumçu müxtəlif illərdə (2015-2021, 2024-dən bəri) “Şkendiya”nın formasında meydana çıxdığı 205 oyunda 126 qola müəlliflik edib. 38 yaşlı futbolçu 2024-cü ildə komandada 30 oyun keçirib və 15 qola imza atıb.
Qeyd edək ki, komandalar arasında ilk oyun Şimali Makedoniyada baş tutacaq. Görüş avqustun 5-də Skopyedəki Toşe Proeski adına Milli Arenada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın başlama saatı hələ dəqiqləşməyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.