Fərdi evlərdə, mənzillərdə və müəssisələrdə “Wi-Fi” şəbəkələrinin qurulması zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi ciddi risklər doğurur.
“Report” xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin fəaliyyəti ilə bağlı keçirilən müzakirələrdə bildirilib.
Qeyd olunub ki, internetdə informasiya təhlükəsizliyinin təşviqi gücləndirilməlidir:
“Sadə və uzun müddət dəyişdirilməyən şifrlər şəbəkələrin asanlıqla sındırılmasına səbəb olur. Bəzi hallarda isə istifadəçilər şifrsiz internetdən yararlanırlar”.
Tədbirdə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibinə daxil olan hüquq-mühafizə orqanlarının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələrinin, eləcə də operator və provayderlərin təmsilçilərinin iştirakı ilə müzakirələr aparılıb.
Burada telekommunikasiya xidmətləri üzrə məlumatların emalı, qorunması və qanunvericilikdə nəzərdə tutulan müddət bitənədək saxlanılması məsələləri gündəmə gətirilib. Bildirilib ki, “Telekommunikasiya haqqında” Qanunun 48-ci maddəsinə əməl olunmaması kibercinayətlərin vaxtında aşkarlanmasına mane olur və inzibati məsuliyyət yarada bilər.
Görüşdə operator və provayderlərin uçota alınması, müvafiq öhdəliklərin icrası və informasiya təhlükəsizliyinin təmininə dair məsələlər də müzakirə olunub. Təmsilçilər şəbəkə infrastrukturunun tələblərə uyğun olduğunu vurğulamaqla yanaşı, məlumatların qorunması və saxlanması zamanı üzləşdikləri çətinlikləri də bölüşüblər.
Yekunda razılaşdırılıb ki, operator və provayderlər qanunvericiliyin tələblərinə daima nəzarət etməli, informasiya təhlükəsizliyinin təmin olunması üçün maarifləndirici fəaliyyətləri genişləndirməli və istifadəçilərin təhlükəsizlik qaydaları barədə məlumatlandırılmasını gücləndirməlidirlər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.