“Proxima Tech Solutions” Afrika planlarını AfCFTA-nın Baş katibi ilə bölüşdü

Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) Baş Katibi Wamkele Mene və onu müşayiət edən nümayəndə heyəti 21-23 sentyabr tarixlərində iş adamı Tahir Gözelin dəvəti ilə Azərbaycana işgüzar səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Baş katib 22 sentyabrda Tahir Gözelin təsisçisi olduğu Proxima Tech Solutions şirkətini ziyarət edərək, Azərbaycanın texnologiya sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olub. “Proxima Tech Solutions” tərəfindən təqdim edilən qabaqcıl texnoloji həllər və təhlükəsizlik əməliyyatları mərkəzinin (SOC) fəaliyyəti nümayiş etdirilib. Baş Katib Mene şirkətin Afrika ölkələrinin rəqəmsal təhlükəsizliyinə və kibermüdafiə potensialının artırılmasına verə biləcəyi töhfələri yüksək qiymətləndirib.

Görüş zamanı Tahir Gözel Azərbaycan-Afrika strateji tərəfdaşlığının güclənməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın texnologiya əsaslı həllər vasitəsilə inklüziv və davamlı inkişafı təşviq etməyə yönəlmiş səyləri barədə məlumat verib. O, “Proxima Tech Solutions”un xidmətlərini Afrika bazarına təqdim etməyə və bu istiqamətdə tərəfdaşlıqları genişləndirməyə tam hazır olduğunu bildirib.

Wamkele Mene isə Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi sürətli inkişafı təqdir edərək, Afrika ölkələri üçün əməkdaşlıq, investisiya və bilik mübadiləsi imkanlarını xüsusilə önə çəkdi. Afrikada investisiya imkanları haqqında ətraflı məlumat verən cənab Wamkele Mene, Afrika ölkələrinin geniş insan resursları və sürətlə inkişaf edən sahələrindən bəhs edərək, bu potensialın Azərbaycan texnologiyaları üçün mühüm inkişaf platforması yarada biləcəyini vurğuladı.

O, həmçinin səfərin məhsuldar keçdiyini vurğulayaraq, göstərilən qonaqpərvərliyə və dəvətə görə Tahir Gözelə təşəkkür edib. Bu görüş Azərbaycan və Afrika arasında yeni əməkdaşlıq imkanlarının açılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More