“INMerge” İnnovasiya Sammitinin ilk günü başa çatıb

Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammitinin ilk günü başa çatıb.

“Report” xəbər verir ki, sabah başa çatacaq sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq sahələrinə toxunulub.

“INMerge” Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan siyasətçiləri, korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirib. Sammit 5 000-dən çox iştirakçını, 150 spikeri, 100 startapı və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün güclü imkanlar yaradıb.

Bu ilki proqram fintex və məsuliyyətli bankçılıqdan tutmuş data və süni intellekt, “Sənaye 4.0”, telekom, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz əsas istiqaməti əhatə edir. Bu gün ərzində “Pixar” şirkətindən Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna kimi tanınmış qlobal fikir liderləri biznes və texnologiyanın gələcəyini formalaşdıran fikirlərini bölüşüblər.

Açılış mərasimində dövlət rəsmilərindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov iştirak ediblər.

M.Cabbarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətini vurğulayıb: “Azərbaycanın müasir iqtisadi siyasətinin əsasını iqtisadi şaxələndirmə təşkil edir. Buna misal olaraq, neft və qazdan asılılığın azaldılmasını, qeyri-neft iqtisadiyyatının dinamik və dayanıqlı inkişafının təşviq olunmasını göstrmək olar”.

Nazir bildirib ki, məhz bu istiqamətdə atılan addımlar nəticəsində ölkəyə 344 milyard ABŞ dollarından çox investisiya cəlb olunub ki, bunun da 210 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.

C.Qasımov isə “INMerge” Sammitini “Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu” adlandıraraq, tədbirin regional əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, son beş ildə “INMerge” kiçik bir korporativ tədbirdən bölgənin müxtəlif ölkələrindən olan mütəxəssisləri bir araya gətirən böyük tədbirə çevrilib, sammit iştirakçılara ilham verməklə yanaşı, təhsil-bilik mübadiləsi baxımından əhəmiyyətlidir: “Dünya heç vaxt indiki qədər sürətlə dəyişməyib. Belə bir mühitdə öyrənməyə açıq olmaq, maraqlı qalmaq, “öyrənilmişləri unudub yenidən öyrənmək” bacarığı həyati əhəmiyyət daşıyır. Təşkilatlar və fərdlər resurs və ya ideya çatışmazlığından deyil, öyrənməyi dayandırdıqları zaman geri qalırlar,” – deyə o qeyd edib.

2025-ci ilin əvvəlindən etibarən əsas sammitin keçirilməsinə qədər “INMerge” artıq Gürcüstan, Türkiyə, Qazaxıstan və Özbəkistanda keçirilən tədbirləri ilə regionda genişlənərək güclü sərhədlərarası əlaqələr qurub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More