“PAŞA Holdinq” MMC innovasiyaları təkcə gələcək inkişaf və rəqəmsal transformasiyanın hərəkətverici qüvvəsi kimi deyil, həm də startap ekosistemini gücləndirmək və Mərkəzi Avrasiyanın dünya iqtisadiyyatında layiqli yer tutmasına kömək etmək üsulu hesab edir.
“Report” xəbər verir ki, bunu Holdinqin baş direktoru Cəlal Qasımov təmsil etdiyi qurumun təşkil etdiyi 5-ci “INMerge” İnnovasiya Sammitinin açılış mərasimində bildirib.
“Son bir ildə biz “INMerge”nin Gürcüstan, Türkiyə, Qazaxıstan və Özbəkistandakı mövcudluğunu genişləndirərək, milli sərhədlərdən kənara çıxan innovasiya ekosisteminin yaradılmasına sadiqliyimizi nümayiş etdirdik. Əminik ki, Mərkəzi Avrasiyanın potensialı regionun güclü tərəflərinin əməkdaşlığında və birləşməsindədir: Avropa, Yaxın Şərq və Asiyanın kəsişməsində strateji mövqe, 100 milyondan çox istedadlı gəncin olduğu bazar, eləcə də ildə 4-6 % artım nümayiş etdirən iqtisadiyyatlar”, – C.Qasımov vurğulayıb.
Onun sözlərinə görə, uğurun formulu sadədir: həyata keçirilməklə artan potensial.
“Buna görə də biz məhz reallaşdırmaya xüsusi diqqət yetirməliyik. Əhalinin orta yaşının təxminən 30 olduğu Mərkəzi Avrasiya rəqəmsal biliklərə malik yaradıcı nəslin yaşadığı yerdir. Bakıda yaranan startaplar Almatı və ya Daşkəndə qədər genişlənə bilər. İstanbulda sınaqdan keçirilən ideyalar Tbilisi və ya Səmərqənd bazarına çıxa bilər. İnnovasiyalar sərhəd tanımır. Biz də sərhəd tanımamalıyıq”, – “PAŞA Holdinq”in rəsmisi əlavə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.