Azərbaycan idman tarixində ilk dəfə keçiriləcək beynəlxalq “IRONMAN 70.3 Baku” triatlon yarışı ilə bağlı mətbuat konfransı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, konfransda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, IRONMAN Qrupunun EMEA üzrə vitse-prezidenti və baş direktoru Tomas Veje Olsen, IRONMAN Qrupunun Biznes İnkişafı üzrə nümayəndəsi Albert Qarriqa, IRONMAN Qrupunun EMEA üzrə Regional direktoru Henrik Brovell, IRONMAN lisenziyasının MDB regionu üzrə eksklüziv sahibi Nurlan Abduov və digər rəsmilər iştirak ediblər.
Tədbirdə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə çıxış edib:
“Məmnuniyyətlə elan edirik ki, ilk IRONMAN 70.3 Bakı yarışı keçiriləcək. Bu yarış dözümlülük və sərhədləri aşmaqla yanaşı, həm də bizim “Sonsuz Sevinc” adlandırdığımız hissi özündə əks etdirəcək. İdmançılar şəhərin möhtəşəm məkanlarından keçərək Bakının müasirliyini görəcək, İçərişəhərin ruhunu hiss edəcək və gün batımında finiş xəttini keçərək unudulmaz bir yarış təcrübəsi yaşayacaqlar. Qeyd etmək istərdim ki, IRONMAN 70.3 Bakı MDB ölkələri arasında yalnız Azərbaycanda keçirilən yeganə rəsmi yarış olacaq. Bu cür beynəlxalq və nüfuzlu seriyanı ölkəmizə gətirdiyim üçün çox şadam. Hər bir triatlonçunun arzusu öz ölkəsində IRONMAN yarışında iştirak etməkdir və biz fəxr edirik ki, bu arzunu reallaşdırırıq.
Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyevin idmana olan diqqəti sayəsində ölkəmizdə möhtəşəm idman infrastrukturu yaradılıb, beynəlxalq yarışların keçirilməsi üçün şərait təmin edilib və idmanın inkişafına xüsusi önəm verilir. Biz bu dəstəyin nəticəsi olaraq, triatlonu ölkəmizdə daha da kütləviləşdirmək və IRONMAN seriyasını Azərbaycana gətirmək imkanına malik olduq.
Eyni zamanda, Gənclər və İdman Nazirliyinə və şəxsən gənclər və idman naziri Fərid Qayıbova dəstək və əməkdaşlıqları üçün təşəkkür edirəm”.
Mətbuat konfransında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmana göstərilən dövlət dəstəyini vurğulayıb:
“Azərbaycanda idman ölkə başçısının təşəbbüsü ilə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkənin müxtəlif bölgələrində müasir idman kompleksləri inşa olunub, beynəlxalq yarışların təşkili isə Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına mühüm töhfə verib. Gələn il də Bakıda bir çox nüfuzlu idman tədbirləri keçiriləcək. Triatlon çox maraqlı idman növüdür və xüsusilə uşaqlar arasında böyük maraq doğurur. Buna görə də Azərbaycan Triatlon Federasiyasına təşəkkürümü bildirirəm. Əminəm ki, ölkəmizdə ilk dəfə keçiriləcək IRONMAN 70.3 Bakı yarışı güclü komanda tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.
Adındakı “70.3” ilə məsafəni bildirən yarışın marşrut xəritəsi bundan əvvəlkilərdən daha geniş və əhatəlidir. Yarışlar əsasən şəhərin mərkəzi küçələrini, görməli yerlərini əhatə edəcək.
Bundan başqa, tədbir çərçivəsində uşaqlar üçün də müxtəlif yarışlar nəzərdə tutulub. Azyaşlılar fərqli əyləncə növlərindən istifadə etməklə yarışlara qatıla bilərlər.
“IRONMAN 70.3 Baku” triatlonuna qeydiyyat oktyabrın 23-də açılacaq və yarışda iştirak etmək istəyən idmançılar müvafiq lisenziyaya sahib olmalıdırlar.
Qeyd edək ki, “IRONMAN 70.3 BAKU” triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək və “IRONMAN 70.3” triatlonu, “Fun Run 5 km” və “IRONKIDS” yarışlarını əhatə edəcək. 1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq. 90.1 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.
2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, “IRONMAN EXPO” zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.
Artıq MDB ölkələrindən minlərlər şəxs yarışlara qeydiyyatla bağlı müraciət edib. Siz də oktyabrın 23-dən etibarən “IRONMAN 70.3 BAKU”dan qeydiyyatdan keçərək unudulmaz günlərə lisenziyanı əldə edə bilərsiniz!




Mənbə: Qafqazinfo.Az
Comments are closed.