2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən mövcud güzəştlərin qüvvədən düşməsi ilə bağlı gözlənilən qərara dair qabaqcıl biznes nümayəndələrinin baxışları və biznesin ümumi hazırlıq səviyyəsi nəzərə alınmaqla “AmCham Azərbaycan” tərəfindən “Mövqe Sənədi” hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, sənəddə məsələnin aktuallığı, biznes mühitinə və əmək bazarına mümkün təsirləri geniş şəkildə təhlil edilib, nəticədə gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları üzrə qüvvədə olan müvəqqəti güzəştlərin mərhələli şəkildə ləğv edilməsi təklif edilib. Belə ki, bu yanaşma keçid dövründə işçi gəlirlərinə mənfi təsirlərin minimuma endirilməsi və iqtisadi sabitliyin qorunmasına imkan verərdi.
Eyni zamanda, “Mövqe Sənədi”ndə işçilərin xalis gəlirlərinin qorunmasını təmin etmək məqsədilə işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi, eləcə də uzunmüddətli perspektivdə görülməli olan tədbirlərə dair təkliflər də öz əksini tapıb.
“AmCham Azərbaycan” inanır ki, “Mövqe Sənədi”ndə irəli sürülmüş bu təkliflərin reallaşdırılması sözügedən istiqamətdə vergi sistemində tədrici və balanslaşdırılmış keçidi təmin etməklə yanaşı, qeyri-neft sektorunda məşğulluğun və rəqabətliliyin qorunmasına töhfə verəcəkdir.
“Mövqe Sənədi” ilə daha yaxından tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən “AmCham Azərbaycan” 300-ə yaxın üzv şirkəti təmsil edən aparıcı biznes assosiasiyası kimi ölkədə əlverişli biznes mühitinin təşviqinə yönəlmiş fəaliyyətini aktiv şəkildə davam etdirir.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.