Nizami Kino Mərkəzində “Azərpoçt” MMC və Azərbaycan Televiziyası (AzTV) tərəfindən birgə hazırlanan “Səssiz ünsiyyət” bədii-sənədli filminin təqdimatı keçirilib.
“Report” xəbər verir ki, tədbir çərçivəsində həmçinin “Ənənəvi poçtun müasir dünyada və Azərbaycanda transformasiyası” mövzusunda KİV nümayəndələri arasında keçirilən müsabiqənin qalibləri elan olunub.
Tədbiri “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova açaraq bildirib ki, 2021-ci ildən etibarən Azərbaycan poçt xidmətlərinin yeni istiqamətlərini fəal şəkildə inkişaf etdirir, mövcud biznes modellərini möhkəmləndirir: “Əsas məqsədlərdən biri cəmiyyət və media ilə şəffaf, effektiv kommunikasiya formalaşdırmaqdır. Bugünkü tədbir də həmin əməkdaşlığın bariz nümunəsidir”.
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev qeyd edib ki, bu iş birgə əməyin nəticəsidir.
Filmin ssenari müəllifi, AzTV-nin əməkdaşı Sevda Hüseyn yaradıcı qrupun məqsədinin “görünməyən qəhrəmanları” göstərmək və insanları birləşdirən dəyərləri çatdırmaq olduğunu vurğulayıb.
Filmin rejissoru Elvin Mirzəyev isə poçt işçilərinin zəhmətini daha yaxından tanımaqdan ilham aldığını deyib:
“Bir məktubun ünvanına çatması böyük məsuliyyət və səbir tələb edir. Bu prosesin özündə də bir poeziya var. Gündəlik bu mühüm missiyanı yerinə yetirən hər kəsə təşəkkür edirəm”.
Filmin nümayişindən əvvəl İsi Mustafayev yaradıcı heyətə təşəkkürnamələr təqdim edib.
Filmdə poçt markasına – “Azərpoçt”un ən qədim məhsuluna xüsusi diqqət ayrılıb. Marka insanlar və dövlət arasında sükut içində körpü rolunu oynayan “səssiz ünsiyyətin” simvolu kimi təqdim olunub.
Tədbirin ikinci hissəsində jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqədə 25 media nümayəndəsi iştirak edib və onlar poçt xidmətlərinin rəqəmsallaşması və yeni şəraitdə inkişafı ilə bağlı yazılar təqdim ediblər.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb:
“Prezidentin 25 aprel tarixli sərəncamı ilə milli mətbuatın 150 illik yubileyinin qeyd olunması dövlətin mediaya verdiyi dəstəyin bariz nümunəsidir”.
Müsabiqənin nəticələrinə əsasən, birinci yeri “Report” İnformasiya Agentliyinin baş redaktor müavini və iqtisadiyyat şöbəsinin rəhbəri İlahə Məmmədli qazanıb.
Təşkilatçılar vurğulayıblar ki, bu müsabiqə poçt sahəsinin transformasiyası və onun müasir cəmiyyətdəki roluna dair biliklərin populyarlaşmasına töhfə verən mühüm platformaya çevrilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.