İƏT Gənclər Forumunun akselerasiya mərkəzindəki 40 perspektivli startapdan biri Azərbaycana aiddir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun Türkiyənin İstanbul şəhərində yerləşən akselerasiya mərkəzindəki 40 perspektivli startapdan biri Azərbaycana aiddir.

“Report” xəbər verir ki, bunu Forumun prezidenti Taha Ayhan Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində “İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: müxtəlif regionların təcrübəsi və çıxarılan dərslər” mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, həmin startapların ən azı bir hissəsini Türkiyədə saxlamağa çalışırlar: “Azərbaycandan birinci səviyyədə bir startapımız var. Yəni, o çox erkən mərhələdədir, lakin məncə onun böyük potensialı var. Həmçinin Özbəkistandan bir startapımız var. Biz bu cür imkanları iştirakçı ölkələrimiz arasında ədalətli və qərəzsiz bölüşdürməyə çalışırıq”.

Qonaq hesab edir ki, islam maliyyəsi mücərrəd bir ideya yox, inklüziv artımın, iş yerlərinin yaradılmasının, “yaşıl infrastruktur”un və etik maliyyə əlçatanlığının praktik hərəkətverici qüvvəsidir: “Biz görürük ki, İslam maliyyəsi təkcə maliyyələşdirmə və yaxud yeni iqtisadi mənbələr təmin etmək üçün deyil, həm də həyatın davamlılığını vurğulayır və İslam dəyərlərinin ən təməl prinsiplərindən biridir. Bu baxımdan biz real dünyada gənc tərəfdaşlarımız arasında İslam maliyyəsi sahəsində savadlılığın artırılması üçün çox səy göstəririk”.

“İrəliyə baxsaq üç əsas istiqamət üzrə fəaliyyət vacibdir. Birincisi, yaxşı təcrübələrin və innovasiyaların yayıla və uyğunlaşdırıla bilməsi üçün ölkələr və sektorlar arasında əməkdaşlığın gücləndirilməsi, ikincisi, investorların müxtəlif bazarlarda işləyərkən özlərini əmin hiss etmələri üçün ümumi standartların və aydın ümumi idarəetmənin inkişafı yolu ilə uyğunluğun təşviqi. Nəhayət üçüncüsü, gəncləri və innovasiyaları diqqət mərkəzində saxlamaq. Beləliklə gənc istifadəçilər üçün hazırlanmış rəqəmsal alətlər, fintex modelləri və müasir İslam maliyyələşdirmə xidmətləri sistemi daha inklüziv və səmərəli etməyə kömək edəcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More