Türkmənistan Füzulidə məscid tikəcək – Onlayn formatda təməli qoyuldu – Video

“Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

“Bu Zirvə Görüşü çərçivəsində məscidin təməlqoyma mərasimi nəzərdə tutulub. İndi bütün qardaş ölkələrin rəhbərlərini təməlqoyma mərasiminə dəvət edirəm”, – dövlət başçısı qeyd edib.

Daha sonra məscidin təməlqoyma mərasimi keçirilib.

***

Bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.

Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv və müşahidəçi ölkələr də öz töhfələrini verir. Belə ki, Türkmənistan tərəfindən Füzulidə məscidin tikintisi ilə yanaşı, bu rayonda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir.









Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More