Azərbaycan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatının Oreync vilayətinin “Lincoln” biznes klubu ilə birgə investisiya qoyuluşu və müştərək vençur fondu yaradılması imkanlarını müzakirə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Report”a verilən məlumata görə, müzakirələr nazir müavini Samir Məmmədovun klubun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Benni Mor ilə görüşündə baş tutub.
Tərəflər həmçinin kluba üzv şirkətlərlə B2B və B2G formatlarda uzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycanda nümayəndəliklərinin açılması, insan kapitalının inkişaf etdirilməsi barədə fikir müvadiləsi aparıb.
Görüşdə eyni zamanda Azərbaycanla ABŞ arasında yüksək texnologiyalar, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, ölkəmiz bu sahələrdə ABŞ ilə tərəfdaşlığa böyük önəm verir.
“Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə, öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.