Azərbaycanda özəl sektorun kibertəhlükəsizliyinin qiymətləndirilməsi üçün meyarlar yaradılır

Azərbaycanın rəqəmsal inkişaf konsepsiyasında dövlət sektoru ilə yanaşı, özəl sektorda da kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün meyarların hazırlanması nəzərdə tutulub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədri müavini Şahin Əliyev “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.

“Bu istiqamətdə milli səviyyədə iqtisadiyyatın bütün sektorlarını əhatə edən diaqnostika və qiymətləndirmə aparılacaq”, – o qeyd edib.

Ş.Əliyevin sözlərinə görə, cari ilin yanvar ayında Azərbaycanda rəqəmsal hökumətin arxitekturasının və məlumat arxitekturasının qurulması üzrə konkret tədbirlər nəzərdə tutan Rəqəmsal İnkişaf Konsepsiyası təsdiq edilib:

“Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupları formalaşdırılıb. Onların iclasları artıq ötən həftə keçirilib. Biz vahid arxitektura çərçivəsində təhlükəsizlik məsələlərinin və digər prinsiplərin həllini nəzərdə tutmuşuq”.

O vurğulayıb ki, kibertəhlükəsizlik ölkənin rəqəmsal arxitekturasının əsas komponentlərindən biridir:

“Konsepsiyada dövlət sektoru ilə yanaşı, özəl sektorda da kibertəhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi üçün meyarların işlənib hazırlanması nəzərdə tutulub. Ölkə səviyyəsində bütün istiqamətləri əhatə edən diaqnostika və qiymətləndirmə aparılacaq. Biz bütün bunlara bütün komponentlərin və iştirakçıların inteqrasiyasını tələb edən Azərbaycanın vahid rəqəmsal ekosistemi kimi baxmalıyıq. Bu, təşkilatlara ixtisaslaşdırılmış tələblərə uyğun olmağa və kibertəhdidlərlə bağlı riskləri minimuma endirməyə imkan verəcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More