Elnur Əliyev: “Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası hökumətə təqdim edilib”

Azərbaycanda superkompüterin istifadəyə verilməsi süni intellekt əsaslı həllərin formalaşması və tətbiqi üçün texnoloji imkanları əhəmiyyətli dərəcədə genişləndirəcək.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda deyib.

O bildirib ki, hazırda nazirlik tərəfindən ölkədə məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində işlər aparılır:

“Bu infrastrukturun qurulması böyük həcmdə məlumatların toplanması, idarə olunması, coğrafi məlumatların paylaşılması, “rəqəmsal əkizlər”in və “ağıllı şəhər”lərin yaradılması kimi sahələrdə intellektual həllərin inkişafına şərait yaradacaq. Bütün bunlar isə rəqəmsal mühitdə informasiya və kibertəhlükəsizliyin təmin olunmasını daha da aktuallaşdırır”.

Nazir müavini əlavə edib ki, İqtisadiyyat Nazirliyi rəqəmsal iqtisadiyyata keçidi təmin etmək məqsədilə Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlayaraq baxılması üçün hökumətə təqdim edib:

“Bu sənədin qəbulu rəqəmsal transformasiyaların genişləndirilməsi və müxtəlif sahələrdə rəqəmsallaşmanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

E. Əliyev hesab edir ki, kibertəhlükəsizlik xərclərinə sadəcə xərc kateqoriyası kimi deyil, iqtisadi dayanıqlığa yönəlmiş strateji sərmayə kimi yanaşmaq lazımdır:

“Rəqəmsallaşma əmək məhsuldarlığını artırır, resurslardan istifadənin səmərəliliyini yüksəldir və yeni iş yerləri yaradır. Dünya Bankının hesablamalarına görə, rəqəmsallaşma səviyyəsində 10 %-lik artım ÜDM-də 11,5 %-lik artıma səbəb olur. Lakin bu artım yalnız etibarlı və təhlükəsiz rəqəmsal mühitdə mümkündür”.

O vurğulayıb ki, beynəlxalq təhlillərə əsasən, 2024-cü ildə kiberhücumların iqtisadi zərəri qlobal səviyyədə 8 trilyon ABŞ dollarını keçib, 2025-ci ildə isə bu göstəricinin 10 trilyon dollara çatacağı proqnozlaşdırılır:

“Azərbaycanda rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat sistemlərinin inteqrasiyasını nəzərə alsaq, kibertəhlükəsizlik üzrə həllərin və kadr potensialının gücləndirilməsi iqtisadi təhlükəsizliyin təmin olunması baxımından da həyati əhəmiyyət daşıyır”.

E.Əliyev bildirib ki, İqtisadiyyat Nazirliyi informasiya və kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılması məqsədilə digər qurumlarla birlikdə müvafiq laboratoriyaların yaradılması üzərində işləyir:

“İnanırıq ki, bu laboratoriyaların fəaliyyətə başlaması bu sahədə insan kapitalının və texnoloji imkanların genişlənməsinə töhfə verəcək”.

Nazir müavini sonda vurğulayıb ki, rəqəmsallaşan dünyada informasiya və kibertəhlükəsizlik artıq iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More