Kibertəhlükəsizliyin davamlı təminatı üçün dövlət strukturları ilə yanaşı, həm də özəl sektorun fəal iştirakı zəruridir.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu sahənin inkişafı rəqəmsal həllərin formalaşdırılması, kadr potensialının gücləndirilməsi və beyin axınının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır:
“Özəl sektorun bu istiqamətdə inkişafını dəstəkləmək üçün dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində əməkdaşlıq imkanlarına baxılmalıdır. Biz özəl sektorun ölkənin kibertəhlükəsizliyinin təmin olunmasında, milli dayanıqlılığın artırılmasında, bilik və texnoloji həllərin ixracında, həmçinin qeyri-neft sektorunda əqli mülkiyyətin formalaşmasında iştirakını genişləndirməliyik”.
E.Əliyev qeyd edib ki, ölkədə kibertəhlükəsizlik səviyyəsini və özəl sektorun bu sahədə inkişafını real şəkildə qiymətləndirmək üçün monitorinq oluna bilən göstəricilərin müəyyənləşdirilməsi vacibdir:
“Bunlara qeydə alınmış insidentlərin və qarşısı alınmış hücumların sayı ilə yanaşı, əldə edilən patentlərin sayı, ixrac olunan əqli mülkiyyətin həcmi və tətbiq edilən standartların miqyası da daxildir. Bu göstəricilər üzrə özəl sektorun payını dəqiq bilməliyik”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.