Metroda maaş artımlarının verilməməsi iddialarına – Rəsmi cavab

“Bakı Metropoliteni” QSC tərəfindən qurumda əməkhaqqı artımlarının ödənilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Qurumdan “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, əməkhaqqı ödənişləri QSC-nin təsdiq edilmiş büdcəsi çərçivəsində, əməkhaqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir.

“Ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur. 

“Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilib, minimum əməkhaqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əməkhaqqına tətbiq edilib. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əməkhaqqı öhdəliyi yoxdur.

Əməkhaqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyildir.

Əməkhaqqı məbləğlərinə dair hər hansı dəyişiklik və ya yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaq”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Bakı Metropolitenində son dövrlər işçilərə əməkhaqqlarının verilməsi ilə bağlı narazılıqların yaşandığına dair məlumat yayılıb. Bildirilib ki, bu ilin yanvar ayından metro əməkdaşlarının əməkhaqqı artımları ödənilmir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More