Kibertəhlükəsizlik davamlı rəqəmsal inkişafın ən mühüm komponentlərindən biridir və məqsədimiz kibertəhdidlərə qarşı dayanıqlı sistemlərin yaradılmasıdır.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin təşkili və milli informasiya məkanının müasir təhdidlərdən qorunması məqsədilə kibertəhdidlər və insidentlər haqqında məlumat mübadiləsi platforması yaradılıb.
“Platforma kiberinsidentlər barədə məlumatların toplanmasını, təhdid və hücumlara vaxtında reaksiya verilməsini, həmçinin qurumlar arasında qeydə alınmış insidentlərin mübadiləsi hesabına qabaqlayıcı tədbirlərin görülməsini təmin edir. Artıq 30-dan çox dövlət qurumu bu platformaya qoşulub”, – S.Əsədov qeyd edib.
O əlavə edib ki, Elektron Təhlükəsizlik Xidməti Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilə birgə məlumatlandırma mexanizmlərinin formalaşdırılması, eləcə də təhdidlərin qiymətləndirilməsi və bu sahədə koordinasiya və məsləhət platformalarının yaradılması üzrə işlərə başlayıb.
“Bundan əlavə, dövlət səviyyəsində vahid məlumat mübadiləsi və əməkdaşlıq platformasının, həmçinin təhdid və hücumlara qarşı erkən xəbərdarlıq və reaksiya imkanlarının yaradılması istiqamətində fəaliyyət həyata keçirilir. Kibertəhlükəsizlik dayanıqlı rəqəmsal inkişafın ən mühüm komponentlərindən biridir. Məqsədimiz kibertəhdidlərə qarşı dayanıqlı sistemlərin yaradılmasıdır ki, bu da yüksək ixtisaslı mütəxəssislər olmadan mümkün deyil. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyanı rəhbər tutaraq kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılması üçün İsrail Texnologiya Universiteti (Technion Israel Institute of Technology) ilə əməkdaşlıq qurub”, – nazir müavini vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.