İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

Oktyabrın 9-10-da “Bakı Konqres Mərkəzi” MMC-də ölkənin ən nüfuzlu kibertəhlükəsizlik tədbirlərindən biri – “Cyber Incident Defence Challenge” (CIDC 2025) 2-ci dəfə təşkil olunub. Yarış Azərbaycanın ən güclü kibertəhlükəsizlik komandalarını bir araya gətirərək, real hücum və müdafiə ssenariləri əsasında qurulmuş kibermüharibə yarışında onların bacarıqlarını sınayıb.

Tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) sərgidə öz stendi ilə təmsil olunub və ziyarətçilərə “GAIA” və “Awero” adlı yerli innovativ məhsullar təqdim edilib. Hər iki həllin funksionallığı və praktiki tətbiq imkanları nümayiş etdirilib.

CIDC 2025-in proqramına həmçinin panel müzakirələr daxil olub. “Kibercinayətkarlar üçün yeni oyun meydançası: Ağıllı şəhərlər” adlı paneldə İRİA-nın İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxış edərək “ağıllı şəhər” infrastrukturunun kibertəhlükəsizlik çağırışları və qabaqcıl müdafiə modelləri barədə fikirlərini bölüşüb.

CIDC 2025 çərçivəsində baş tutan kibermüharibə yarışında İRİA-nın iki komandası uğurla iştirak edib. İRİA-nın əməkdaşlarından ibarət “Digital Rangers” komandası və AKM-in “Dopamine” komandası yarışın finalında ilk onluqda qərarlaşıb.

AKM-in tədbirdə iştirakı kibertəhlükəsizlik sahəsində həm yerli, həm də beynəlxalq tərəfdaşlıqların qurulması, əməkdaşlıqların möhkəmləndirilməsi və Azərbaycanın kibertəhlükəsizlik potensialının beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More