Qaradağda vulkan püskürməsinin aktivliyi dayanıb – Video+Yenilənib

Qaradağ rayonunda palçıq vulkanı püskürüb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. 

Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.

Qurumun mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.

***

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsi hadisə ilə bağlı məlumat verilib.

“11 oktyabr 2025-ci il tarixində Qaradağ rayonunda yerləşən  Otman Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb.

Üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.

İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.

Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib. 

Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.

Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik  stansiyaları tərəfindən qeydə alınıb”.

***

ETSN-nin yaydığı məlumata görə, Otman Bozdağ Palçıq Vulkanında baş vermiş püskürmənin aktivliyi dayanıb:

“Hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir. Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər. Xatırladaq ki, aktiv palçıq vulkanlarından hesab edilən Otman Bozdağ Palçıq Vulkanında son püskürmə 2018-ci il 23 sentyabr tarixində qeydə alınıb”.

Foto: Lyokin





Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More