“AS Group” Omanda beynəlxalq sərgidə iştirak etdi – Fotolar

Oktyabrın 6-8-də Oman Sultanlığının paytaxtı Məsqət şəhərində “Oman Urban Home & Building Expo, Urban October 2025” beynəlxalq sərgisi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu tədbir regionun aparıcı platformalarından biri olub və inşaat, tikinti texnologiyaları, yaşayış məkanlarının dizaynı və şəhərsalma inkişafına həsr olunub. 

Tədbir Oman Mənzil və Şəhərsalma Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub. “AS Group” sərgidə şirkətin təsisçisi Şahin Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Sərgi inşaat şirkətlərini, memarları, mühəndisləri, podratçıları, təchizatçıları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib. 

Üç gün davam edən sərgi çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə davamlı tikinti və şəhərsalma sahəsində ən son tendensiyalara həsr olunmuş panel müzakirələr, seminarlar və təqdimatlar keçirilib. 

Sərginin açılışı təntənəli şəraitdə keçirilib. Açılış mərasimində Mənzil və Şəhərsalma naziri doktor Xalfan bin Səid əl-Şueyli, həmçinin ticarət, Sənaye və İnvestisiyaların Təşviqi naziri Qeys Məhəmməd əl-Yusif iştirak ediblər. Mərasim çərçivəsində əməkdaşlıq sazişləri imzalanıb və tender qalibləri təqdim olunub. 

Səfər çərçivəsində “AS Group”un nümayəndə heyəti Oman İnvestisiya Bankının Baş direktoru Mohammed Al-Habsi, Omanın Şəhər İnkişafı üzrə Milli Strategiya Qurumunun icraçı direktoru İbrahim Al-Vaili, eləcə də müxtəlif dövlət və özəl təşkilatların nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı Omanın iqtisadi və investisiya mühiti, eləcə də potensial əməkdaşlıq imkanları müzakirə edilib. 

“AS Group” sərgidə həm yerli, həm də xarici ölkələrdəki iri layihələrini təqdim edib. Şirkətin stendində “Ağalı Ağıllı Kənd”, “Tbilisi Park Boulevard”, “AS Group” və “BI Group” şirkətlərinin birgə layihəsi olan “4You Baku”, eləcə də Tunel Qəlib – müasir inşaat texnologiyası nümayiş etdirilib. Sərgi ziyarətçiləri təqdim olunan layihələrə böyük maraq göstərib və onlarla yaxından tanış olub. 

“AS Group” şirkətinin stendini Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov ziyarət edib. Təqdim olunan layihələr səfirin böyük marağına səbəb olub. Rəşad İsmayılov şirkət nümayəndələrinə sərgidə iştirakın vacibliyini vurğulayaraq gələcək əməkdaşlıqlar üçün mövcud potensial imkanlara diqqət çəkib. Tədbirdə Oman, Fars körfəzi ölkələri və digər dövlətlər də daxil olmaqla 9 ölkədən təxminən 140 şirkət iştirak edib. “AS Group” sərgidə təmsil olunan yeganə Azərbaycan şirkəti olub.

Sərgi 8 oktyabr tarixində öz işini uğurla başa vurub.



Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More