Ramiz Quliyevlə vida mərasimi keçirildi – Fotolar – Yenilənib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, mərhum sənətkar II Fəxri xiyabanda dəfn olunacaq.

***

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev vida mərasimində bildirib ki, Ramiz Quliyevin vəfatı xalqımız və mədəniyyətimiz üçün böyük itkidir.

Nazirlik rəsmisi Xalq artistinin Azərbaycan musiqisinin dünyada tanıdılmasında əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb: “O, peşəkar ifası ilə Azərbaycan milli musiqisini dünya arenasında təbliğ edib. Yüzlərlə tələbə yetişdirib, çox yüksək pedaqoji qabiliyyətə malik idi. Əminəm ki, Ramiz Quliyevin tələbələri onun zəngin mədəni irsini daim yaşadacaqlar”.

***

“Bu gün Ramiz Quliyevi həm övladı, həm dostu, həm də tələbəsi kimi yola salıram”.

Bu sözləri Xalq artisti Ramiz Quliyevin oğlu Əməkdar artist Əyyub Quliyev vida mərasimində deyib.

“Onu itirmək Azərbaycan xalqı üçün böyük itkidir. Biz ümid edirdik ki, xəstəliklə mübarizədən qalib gələcək, amma olmadı. O, 3 həftə reanimasiyada oldu. Yanımızda olan, bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, onun mirasını layiqincə qoruya biləcəyik.

Ramiz müəllim bizdən xahiş etdi ki, onu evə qaytaraq. Biz düşündük ki, artıq ağır etapı arxada qoymuşuq. Lakin evə gəldikdən bir neçə saat sonra onu itirdik. Dost itirmək ayrı dərddir, müəllim itirmək ayrı dərddir, ata itirmək isə tamam başqa dərddir… Mən üçünü də itirdim…

Mikayıl Müşfiqin gözəl sözləri var:

Oxu, tar, oxu, tar,

Səni kim unudar?

Ramiz müəllimi heç vaxt unutmayacağıq”, – Ə.Quliyev bildirib.

Əyyub Quliyev Xalq artistinin səhhətinə yüksək diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Heydər Əliyev Fonduna təşəkkür edib.

***

“Bu gün hər birimiz üçün ağır bir gündür. Azərbaycan incəsənətinə ağır itki baş verib. Hamımız üçün əziz olan bir insanı itirmişik”.

Bu sözləri mədəniyyət naziri Adil Kərimli Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.

“O tar sənətini nəinki Azərbaycanda eyni zamanda bütün dünyada tanıtmaqla Azərbaycan incəsənətinin inkişafında əvəzolunmaz rolu olub. Onun yetişdirdiyi bir çox məşhur sənətçilər var. Onun sənəti hər birimiz üçün dəyərlidir. Zamanında Ulu öndər Heydər Əliyev onun sənətinə böyük dəyər vermişdir. Prezident İlham Əliyev onu şərəf ordeni ilə təltif etmişdi. Bu gün fiziki olaraq Ramiz Quliyev bizimlə olmasa da, onun insani dəyərləri, sənəti və yaratdığı əsərləri hər zaman bizimlə yaşayacaq, daim yaddaşımızda qalacaq”,- nazir bildirib.

***

“Bu itki ümumiyyətlə böyük bir müddətin, bir dövrün itkisi deməkdir. Ömür boyu yaxın dost olmuşuq. Ramizi itirmək mənim üçün də, bütövlükdə mədəniyyətimiz üçün də çox çətindir”.

Bu sözləri Xalq artisti Fərhad Bədəlbəyli Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.

“Biz Ramizlə saysız-hesabsız konsertlərdə bir yerdə iştirak etmişik. Onun sənətinə, ifasına hər zaman heyran olmuşam. Dünyanın bir çox ölkələrində böyük zal və orkestlərin müşayiəti ilə çıxışlarımız olub. Ramiz təkcə gözəl sənətkar deyil, eyni zamanda gözəl ailə başçısı idi. Bu gün onun iki oğlu buradadır. Mən başa düşürəm atanı itirmək necə çətindir. Əyyub bu gün böyük şərəflə bu soyadı daşıyır.

…Ramiz bir az tez getdi. Nə yaxşı ki, o azad Şuşanı, Ağdamı gördü. Ağdam tamamilə dağılmışdı, amma bu həyatın başlanğıcı idi. Ramiz buna görə çox xoşbəxt idi”, – F. Bədəlbəyli bildirib.

***

“Onunla çox yaxın olmuşuq. Çox gözəl dünyagörüşü var idi. Onunla hər şey haqqında danışmaq mümkün idi”.

Bu sözləri Xalq artisti Vamid Məmmədəliyev vida mərasimində deyib.

“Hələ zamanında ən böyük sənətçilərlə adı bir çəkilirdi. Bütün mahnıları gözəl ifa edirdi. Ramiz müəllim muğamı elə ifa edirdi ki, sanki, özü yaratmışdı. Musiqidə çox böyük işlər etmişdi. Bütün bunlar onun tara olan sevgisindən yaranmışdı. Gözəl xasiyyəti var idi. Sədaqətli dost, yaxşı yol yoldaşı idi. Onu itirmək olduqca ağırdır”.

***

“Ramiz müəllimin yaradıcılığından çox danışmaq olar. Lakin onun yaradıcılığının ən əsas sferası məhz ifaçılığı idi. O, tarı elə ifa edirdi ki, sanki, tar danışırdı”.

Bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə vida mərasimində deyib.

“Ramiz Quliyevin musiqiləri mədəniyyətimizi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə layiqincə təmsil edib. Ramiz Quliyev Azərbaycan tar ifaçılıq sənətində ən yüksək səviyyəni nümayiş etdirib. Mən düşünürəm ki, onun bu yanaşması və üslubu tar ifaçılığının ən seçilən nümunələrindən biri olaraq qalacaq”, – deyə o əlavə edib.

***

Vida mərasimi başa çatıb.

Mərhum sənətkar dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

***

Xalq artisti II Fəxri xiyabanda dəfn edilib.

Xatırladaq ki, Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi səbəbindən sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

Lamiyə Məmmədova













Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More