Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Avropanın tanınmış akselerasiya və inkubasiya mərkəzi olan “Tenity” ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanın fintex yönümlü startapları üçün nəzərdə tutulmuş iki hakaton və bir inkubasiya proqramı həyata keçiriləcək. Bu proqramlarda Azərbaycan startapları ilə yanaşı, digər ölkələrin də startapları iştirak edə biləcək.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov proqramların yerli ekosistem üçün önəmini vurğulayıb: “Biz İRİA olaraq yerli startaplarımızın maliyyələşmə və bazar əlçatanlığını artıran proqramları dəstəkləməyə davam edirik. Hesab edirəm ki, bu proqramlar da ölkəmizdə fəaliyyət göstərən bir çox fintex yönümlü startaplar üçün inkişaf baxımından güclü dönüş nöqtəsi ola bilər”.
Belə ki, ilk olaraq reallaşdırılan hakaton proqramına hazırda müraciət qəbulu aktivdir. Noyabrın 14-16-sı tarixlərində baş tutacaq hakatonda yerli startaplar beynəlxalq ekspertlərin təlimlərində iştirak edəcək, həmçinin mentorluq dəstəyindən faydalana biləcəklər. Bununla yanaşı, “Tenity”nin əlaqəli olduğu investorlarla görüşlər də təşkil ediləcək.
Bu hakaton proqramına fintex sahəsində fəaliyyət göstərən və ya bu sahəyə maraq göstərən 18 yaşdan yuxarı şəxslər tərəfindən təsis edilmiş və ya ideya mərhələsində olan startaplar qoşula bilər. Proqramın sonunda ən yüksək nəticə göstərən üç komanda pul mükafatına layiq görüləcək. Hakatona müraciət etmək istəyənlər bu keçiddən istifadə edə bilər. Son müraciət tarixi: 7 noyabr, 2025-ci il.
Hakatonla yanaşı, fintex startapları üçün inkubasiya proqramına müraciət qəbulu da başlayıb. Dörd ay davam edəcək bu inkubasiya proqramı ideyaları və prototipləri miqyaslana bilən biznesə çevirməyi həfədləyən startaplar üçün gərəkli olan mentorluq, ekspert dəstəyi və investor şəbəkəsinə çıxış imkanları ilə təmin edəcək. Proqramın yekununda startaplar öz layihələrini “Demo Day” tədbirində təqdim edəcək.
İnkubasiya proqramına erkən mərhələdə olan fintex startapları bu keçid vasitəsilə müraciət edə bilər. Son müraciət tarixi: 12 dekabr, 2025-ci il.
“Tenity” 2015-ci ildə İsveçrədə təsis edilib. Hazırda Zürix, Madrid, London, İstanbul, Sinqapur və Tallin olmaqla 6 şəhərdə fəaliyyət göstərir. Mərkəz, əsasən, “fintech”, “insurtech”, “regtech”, “Web3”, blockçeyn, tokenləşdirmə və süni intellekt kimi sahələrdə erkən mərhələ startaplara dəstək verir. Akselerasiya və inkubasiya proqramları vasitəsilə startaplar üçün mentorluq, korporativ əlaqələr, investorlara çıxış və bazar imkanları yaradılır. İndiyədək “Tenity” startaplara 300 min avroya qədər investisiya yatırımına nail olub, 1600-dən çox startap “Tenity” ekosistemindən faydalanıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.