Anardan həmin fotosu ilə bağlı – Açıqlama – Yenilənib

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.

“Qafqazinfo” sözügedən görüntü ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.

Anar Rzayev saytımıza açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: “Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.

Yazıçı “Hazırda evdəsinizmi?” sualımıza isə “Sağ olun” deyərək dəstəyi asıb.

Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.

***

Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid sosial şəbəkə hesabında Anarın yayılan fotosuna münasibət bildirib: “Özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağı ağrıyanda klinikaya gedərkən çəkilib. Anar səfərlərdə olarkən  İstanbulun uzun aeroportunda bu xidmətdən ara-sıra istifadə edib. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.

Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib onunla şəkil çəkdirə bilərlər!

Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!”

Nuranə Daxilqızı

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More