Aşıq Yediyarın ölümü, sonu məni çox ağrıtdı… “QULP”lu xatirələrin başlanğıcı oldu. Onun aktyorluq qabiliyyətinə, səsinə söz ola bilməzdi. Mənim ən dəyər verdiyimsə, onun cəsarətli xarakteri idi. O məmur idi, Şuşa Teatrının direktoru idi. Buna baxmayaraq, kəskin mahnılar oxumaqdan imtina eləmirdi. Düzdür, qorxmağa bir səbəb də yox idi, oxuduğu mahnılarda Qarabağ ağrısı vardı. Elə haqq aşığı obrazını fikirləşəndə də umacağım bu idi. Şükürlər olsun bu günə, indi Azərbaycan bütövdür. Faciəli günlərimizin davamını yox, qürurlu günlər yaşayırıq. Yaranandan üzü bu yana “QULP”un əsas qırmızı xətti-mövzusu da elə vətənpərvərlik idi.
“QULP”un qəhrəmanlarını, şükür Allaha, hamı əzbər bilir – Baba Pünhan, Aşıq Yediyar, Xanım nənə, Şirin Zərdablı, Teymur müəllim və s. Bunların hər birinin proqramda öz yeri, öz dəsti-xətti olub. Əsas odur ki, tamaşaçılar bu obrazların hamısını bəyənib…
1992-ci ildə Azərbaycan Televiziyasında “QULP” adlı proqram yayımlandı, bu, teleməkanda yeni bir ənənənin başlanması, satirik-publisistik ənənənin yaranması idi. Quruluş dəyişirdi, amma düşüncə tərzi dəyişmirdi. Totalitar təfəkkür formasından azad fikrə keçid ləngiyirdi. 1992-ci ildən üzü bu yana – AzTV-dən ANS-ə keçsəm də, düz 20 il Azərbaycanın teleməkanında “QULP” adlı bir proqram yaşadı. Bunun alın yazısı olduğunu deyə bilmərəm, amma bu 20 ilin videoyazısı var…
O vaxt heç kim, elə mən özüm də müdriklik və yaxud cürət eləyib bu proqramın 20 il davam edəcəyini söyləyə bilməzdim. Bu illər ərzində “QULP” siyasi çaxnaşmalardan və hakimiyyət dəyişikliyi burulğanından həmişə üzüağ çıxıb, çünki “QULP” siyasi tərəfi olmayan əsl vətəndaş proqramı olub. Bu müddət ərzində mən başımı aşağı salıb işləmişəm, amma heç kimin yanında başıaşağı olmamışam. Elədiklərim də göz qabağında. Mən nə qədər sərbəst idimsə, bir o qədər də məsuliyyətli idim. Bu keyfiyyətlərin biri olmasaydı, ən azı “QULP” 20 il yaşamazdı. “QULP”un tarixi bizim hamımızın tarixidir. Çünki biz bu illəri bir yerdə yaşamışıq.
“QULP”un heç vaxt nə dəbdəbəli studiyası, nə də təmtaraqlı dekorasiyası olub, amma bu kasıbyana proqramda vətəndaş mövqeyi olan hər kəsin öz fikrini azad söyləmək imkanı olub.
“QULP”un məqsədi hamını düşündürmək, ətrafımızda baş verən nöqsanları olduğu kimi göstərmək və respublikamızın daha da inkişaf etməsinə yardımçı olmaq idi. Bəxtiyar Vahabzadə, Musa Yaqub, Ramiz Rövşən… və qələminə və sənətinə hörmət bəslədiyim yüzlərlə insan bu proqramda həvəslə çıxış edib, baş verən hadisələrə öz vətəndaş mövqelərini bildirirdilər.
Satira insan düşüncəsinin dəyişməsinə, yeniləşməsinə xidmət edir. “QULP”un şüarlarından biri də belə idi: “Hər kəs özünə gülməyi baçarmalıdır, yoxsa ona başqaları güləcək”.
“QULP” 20 ildə bircə dəfə olsun belə məhkəməyə düşmədi. Kiminsə şəxsi həyatına, ailə həyatına müdaxilə etmədi. Baxmayaraq ki, bəzi verilişlər müqəddəs saydığımız ailə institutunu dağıtmaqla məşğuldur. Son vaxtlar tənqidlə təhqirin, cəsarətlə həyasızlığın yeri dəyişib. Daha çox qışqıran, daha çox qalmaqal yaradan hamıdan cəsarətli olduğunu düşünür. Çox təəssüf ki, cəmiyyət bəzən belələrinə daha çox qiymət qoyur.
Mənim bir iş prinsipim var idi: “Teleproqram telekanala təkcə reytinq yox, həm də başucalığı gətirməlidir!” Bildiyimə görə, yaponlar evlərinin divarlarında incəsənət əsərləri asmırlar. Onların fikrincə, həmin əsərlər hər gün göz qabağında olanda adiləşir, ucuzlaşır. “QULP” 20 il efirdə oldu, nə qədər adiləşdiyini deyə bilmərəm, amma tamaşaçıların bu proqrama kifayət qədər vərdiş etdiyini, sevdiyini dəqiq bilirəm.
“QULP” Azərbaycan televiziya tarixində uzun illər satirik-publisistik ənənələr yaradan yeganə, həm də ən uzunömürlü telelayihə oldu. Bu, danılmaz faktdır.
Çoxları məndən soruşur: “QULP” niyə dayandı, davamı olacaqmı? Cavab verirəm: Mən indi son illərin faciəli və qürurlu hadisələrinin izləri və şahidləri yox olmamış onları yaddaşlara – tarixə köçürürəm, sənədli filmlər hazırlayıram. Bu mənim vətəndaşlıq borcumdur. “QULP”un davam edib-etməyəcəyini zaman göstərəcək…
Sadalamadığım məqamlar çoxdur. Sadəcə, vaxtınızı və başınızı çox aparmaq istəmirəm. Ürəyimdən keçən bir fakt qaldı. Onu demək yox, göstərmək istəyirəm… “QULP”un son buraxılışı… Vaxtınız, həvəsiniz olsa, baxın.
Mübariz Əsgərov
Əməkdar jurnalist
Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.