DİN rəsmisi: “Azərbaycanda klassik İT təhlükəsizlik sistemləri işləmirlər”

Azərbaycanda artıq klassik İT təhlükəsizlik sistemləri işləmirlər.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Bakıda keçirilən II Beynəlxalq “Caspian Innovation Forum 2025” tədbirində bildirib.

O qeyd edib ki, imzaəsaslı təhlükəsizlik sistemləri süni intellektlə gücləndirilmiş, avtomatlaşdırılmış, insan psixologiyasını manipulyasiya edən kiber təhdidlər və hücumlarla mübarizə apara bilmir: “Məsələyə bir üçbucaq kimi baxsaq birinci bucaq kimi texnoloji inkişaf qeyd edilməlidir. Bu, olmadan süni intellekt əsaslı kiber təhlükələrlə mübarizə aparmaq mümkün deyil. Bunun üçün biz süni intellekt (Aİ) əsaslı texnoloji infrastruktur qururuq. Söhbət AI əsaslı müdafiə mexanizminin gətirdiyi üstünlüklərlə çalışa bilən sistemlərdən gedir. İkinci məsələ kiber davamlılıqdır. Bizə əlbəttə ki, hücumlar olacaq. Bəziləri bunu hiss edəcək, bəziləri isə hiss etməyəcək. Bəs bu hücumun qarşılığında göstərdiyimiz xidmətlər davam edəcək yoxsa yox? Hazırlığımız artıq sistemlərimizin davamlılığı, kiber təhdidlərə cavab modelimizlə ölçülür”.

DİN rəsmisi hesab edir ki, ən kritik model burada insan amilinin idarə olunmasıdır: “Ən təhlükəli məhz insan amilidir. Hətta bizim qurduğumuz Aİ əsaslı sistemlər belə insan amili hesabına aşıla biləndir. Düşünürəm ki, iri miqyaslı təlimlərin keçirilməsi, praktik təlimlərin təşkilatlarda keçirilməsi əməkdaşlarımızın bu hücumlara qarşı daha hazırlıqlı olmasına gətirib çıxaracaq. Nə qədər əməkdaşımız hazır olacaqsa, o qədər daha qısa müddətdə kibertəhlükəsizlik komandasını bu gələn təhlükə ilə bağlı məlumatlandıracaq və davamlılığımız daha da təmin olunacaq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More