Təxminlərə görə, süni intellekt 2040-cı ilə qədər qlobal iqtisadiyyata təxminən 20 trilyon ABŞ dolları həcmində əlavə dəyər qazandıra bilər.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli II Beynəlxalq Xəzər İnnovasiya Forumu-2025 (“Caspian Innovation Forum 2025”) çərçivəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın süni intellekt strategiyası ölkənin rəqəmsal gələcəyinin formalaşdırılmasında, innovasiyaların təşviqində və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.
“Strategiyanın əsas prioritetləri məlumat infrastrukturunun gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması və əlverişli biznes mühitinin yaradılmasıdır. Bu istiqamətlər üzrə artıq konkret addımlar atılır və onların biri də infrastrukturun, xüsusilə superkompüter sisteminin qurulması ilə bağlıdır”, – deyə o qeyd edib.
R. Nəcəfli bildirib ki, dövlət qurumları və özəl sektor üçün data əsaslı həllərin geniş tətbiqini təmin etmək məqsədilə nazirlik superkompüter infrastrukturunun yaradılmasına başlayıb:
“Yeni superkompüter sənayedə proseslərin optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, prediktiv analitika, həmçinin süni intellekt əsaslı istehsalın idarə edilməsi kimi sahələrdə geniş imkanlar açacaq”.
Onun fikrincə, qlobal miqyasda böyük həcmli məlumatların emalı və dəqiq analitika sənaye rəqabətliliyinin əsas tələbinə çevrildiyi bir dövrdə bu infrastruktur Azərbaycanda sənayenin yeni nəsil texnologiyalara keçidini sürətləndirəcək və innovasiya yönümlü iqtisadiyyatın formalaşmasına ciddi töhfə verəcək.
Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.