Dövlət Gömrük Komitəsində ASK üzvləri ilə görüş – Fotolar

Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvləri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrük-biznes əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluqla bəhs edib, səmərəli, konstruktiv dialoqun münbit biznes mühitinin yaradılması, iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, hazırda biznes nümayəndələri ilə müxtəlif platformalarda işgüzar münasibətlər qurulub və  qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində atılan birgə addımlar şəffaflığın, xidmət keyfiyyətinin artırılması, idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət-özəl dialoqunun uğurla inkişaf etdiyini vurğulayıb, sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həllində ikitərəfli şuraların, eləcə də Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Əməkdaşlıq Şurasının müsbət rol  oynadığını diqqətə çatdırıb.

Görüşdə gömrük dəyərinin müəyyən edilməsi, yerli istehsalı olmayan xammal və yarımfabrikatların gömrük rüsumları, geri qaytarılan mallar üzrə hesablaşmalar, mal nomenklaturası və ekspertiza təcrübəsinin təkmilləşdirilməsi, gömrük rəsmiləşdirilməsi, gömrük ödənişlərində təminat mexanizmi, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.



Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More