Rəqəmsallaşmanın sürətlənməsi maliyyə dünyasında tamamilə yeni bir aktiv sinfini – kriptovalyutaları yaradıb. Əvvəllər kriptovalyutalar bank və ya vasitəçi olmadan dəyər ötürmək vasitəsi kimi düşünülürdüsə, bu gün onlar həm mübadilə, həm yığım aləti, həm də ölçü vahidi rolunu oynayır. Daxili dəyəri zəif olsa belə, kriptovalyutalar artıq digər aktivlərin dəyərini qiymətləndirmək üçün də istifadə olunur.
İctimai məlumatlılıq və institusional marağın artması onların ödənişlərlə yanaşı, həm də DeFi (mərkəzləşdirilməmiş maliyyə) platformalarında, NFT-lərdə və smart müqavilələrdə geniş tətbiqinə yol açır. DeFi ilə ənənəvi maliyyə (TradFi) arasında körpü əlaqələrin yaranması isə kriptovalyutaları daha çox leqallaşdırır və geniş auditoriya tərəfindən qəbulunu gücləndirir.
Tokenləşdirmə bu sahənin ən inqilabi mexanizmlərindəndir: daşınmaz əmlakdan tutmuş incəsənətə qədər bir çox ənənəvi aktivin paylara bölünərək daha likvid hala gətirilməsinə imkan verir. Aydındır ki, rəqəmsal aktivlər yaxın gələcəyin əsas qlobal trendi olaraq qalacaq. Bu prosesdə hər bir ölkənin çevik və düşünülmüş siyasəti onun qlobal mövqeyini müəyyən edəcək. Azərbaycan da istisna deyil.
Yeni imkanların qapısı
Məsələni “Report”a şərh edən blokçeyn mütəxəssisi Elşad Yusifli hesab edir ki, Azərbaycanda kriptovalyutaların qarşısındakı ən böyük maneə onların hüquqi statusunun hələ tam tanınmamasıdır.
Ekspertin fikrincə, bu status verildikdən sonra banklar kriptovalyutaları kredit müqabilində girov kimi qəbul edə bilərlər:
“Dünya ölkələrində müxtəlif modellər mövcuddur və Azərbaycan üçün ən uyğun variantı seçmək vacibdir. Çünki bazarda volatillik yüksəkdir. Bu səbəbdən kriptovalyutanın tam dəyərinin girov kimi qəbul edilməsi mümkün deyil – adətən müəyyən faizi əsas götürülür”.
Onun sözlərinə görə, vacib məsələlərdən biri də tokenləşdirmənin hüquqi çərçivəsinin yaradılmasıdır. Sadə desək, real aktivlərin rəqəmsal tokenlərə çevrilməsi bir əmlakın çoxsaylı hissələrə bölünərək investorlar tərəfindən əldə olunmasına şərait yaradır.
Məsələn, 200 kvadratmetrlik bir ev tokenlərə bölünür və hər token müəyyən payı ifadə edir. İnvestorlar tokenləri alaraq həm- mülkiyyətçi olur, icarədən gələn gəlir isə paylara görə bölüşdürülür. Eyni model şirkətlər üçün də keçərlidir – IPO-dan fərqli olaraq startaplar token satışları (ICO, IDO) vasitəsilə səhmlərini bazara çıxara bilərlər.
E. Yusifli qeyd edir ki, daxili bazarın böyüməsi üçün qlobal oyunçuların iştirakı vacibdir. Bunun üçün həm yerli, həm də xarici investorların rahat şəkildə KYC (Know Your Customer) və KYB (Know Your Business) proseslərindən keçməsinə imkan yaratmaq lazımdır.
“Əgər bazar yalnız yerli auditoriyaya hesablanarsa, çox kiçik çevrə yaranar. Xarici vətəndaşların da Azərbaycanın kriptovalyuta layihələrinə sərmayə qoya bilməsi üçün beynəlxalq KYC mexanizmləri tətbiq olunmalıdır”, – ekspert bildirir.
Sabitlik gətirən rəqəmsal alət
Fiat valyutalara (dollar, avro) və ya qızıla bağlı olan “stablecoin”lər dünyada sürətlə populyarlıq qazanır. USDT (USD Tether) və USDC (USD Coin) isə burada aparıcı mövqedədir. Belə ki, 2024-cü ilin iyun ayından bu ilin eyni dövrünədək USDT üzrə emal olunan aylıq əməliyyat həcmləri 703 milyard ABŞ dollarından 1,01 trilyon ABŞ dollarınadək artıb. Eyni zamanda, bu dövrdə USDC həcmləri ayda 3,21 milyarddan 1,54 trilyon ABŞ dollarına qədər dəyişib.
Göründüyü kimi, 2024-2025-ci illərdə bu iki “stablecoin” üzrə əməliyyat həcmləri artıq trilyonlarla dollarla ölçülür. Bu tendensiya onların transsərhəd ödənişlərdə və institusional əməliyyatlarda əsas rol oynadığını göstərir.
Son illərdə “Stripe”, “Mastercard”, “Visa”, “MetaMask”, “Kraken” kimi nəhənglərin “stablecoin” ödənişlərini sistemlərinə inteqrasiya etməsi də bunu təsdiqləyir. Həmçinin “Citi Bank” və “Bank of America” kimi ənənəvi maliyyə qurumları öz “stablecoin”lərini yaratmaq ideyasını araşdırır.
Ekspert düşünür ki, kriptovalyutanın ölkədə istifadəsi genişləndikcə manatın da rəqəmsal ekvivalentinin olması qaçılmazdır:
“Dünya təcrübəsində “stablecoin”ləri əsasən özəl şirkətlər yaradır. Lakin Azərbaycanda bu model riskli ola bilər. Təsəvvür edin ki, hər hansı qlobal kriptobirja manatla bağlı “stablecoin” yaradır – burada ciddi nəzarət mexanizmləri lazım olacaq. Ona görə ən doğru seçim rəqəmsal manatın Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmasıdır”.
Beləliklə, kriptovalyutalar, “stablecoin”lər və tokenləşdirmə artıq qlobal maliyyə sisteminin ayrılmaz hissəsinə çevrilir. Bu sahədə düzgün hüquqi baza və strateji yanaşma isə ölkələr üçün həm yeni imkan pəncərəsi açır, həm də iqtisadi rəqabət gücünü artırır. Azərbaycanda bu istiqamətdə atılacaq addımlar həm investisiya axınını sürətləndirə, həm də ölkənin regionda rəqəmsal maliyyə mərkəzinə çevrilməsinə təkan verə bilər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.