“Administrator üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi” – Video – Yenilənib

Bakıda 15 yaşlı Nigar Mustafayeva əylənmək üçün getdiyi qorxu evində yıxılaraq xəsarət alıb, başına 11 tikiş qoyulub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Xəzər Xəbər”ə müraciət edən yeniyetmə özü məlumat verib. 

O qeyd edib ki, hadisə bir neçə gün öncə paytaxtın Səbail rayonunda yerləşən “Phobia Games” adlı əyləncə mərkəzində baş verib.

Belə ki, Nigar Mustafayeva rəfiqəsi ilə getdiyi məkanın girişində ödəniş etdikdən sonra yaşlarına uyğun kateqoriyanı seçiblər. Bütün olanlar da obyektin müşahidə kameralarının yaddaşına düşüb:

“Aktyor qışqırdı ki, 5 saniyəniz var. Biz qaçanda heç 5 saniyə olmamışdı. Orada rəf var idi və qapısı açıq idi. Hansı ki, əslində bağlı olmalı idi. Onlar tərəfindən itələndiyim üçün başım həmin rəfə dəydi. Mən huşumu itirib yıxıldım. Bundan sonra administrator gəlib üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi”.

Daha sonra Nigar Mustafayevanın rəfiqəsi təcili yardım çağırıb. Zərərçəkmişin valideynlərinin sözlərinə görə, hadisədən sonra məkanın rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də qızın vəziyyəti ilə maraqlanıb. 

Məsələ ilə bağlı “Phobia Games”in əməkdaşı bildirib ki, burada aktyorlar heç bir halda kimisə itələmir və yaxud yıxmır: “Həmin an aktyor öz vəzifəsini yerinə yetirir və qorxudur. Xanım da vəlvələyə düşüb qaçır və diqqətsizlikdən başı rəfə dəyib yıxılır. Hadisədən sonra rəhbərlik onlarla hər an əlaqə saxlayıb və xanıma xəstəxana xərclərinin qarşılanmasını deyib. Lakin qarşı tərəfdən tələb çox olduğu üçün biz onlarla razılaşa bilmədik”.

Zərərçəkmişin valideynləri hadisə ilə bağlı polisə də müraciət ediblər. 

Daxili İşlər Nazirliyinin əməkdaşı Lumu İsrafilli bildirib ki, tərəflər polisə dəvət edilərək ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsi müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir. 

***

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə noyabrın 25-də baş verib: “25 noyabr saat 21:00 radələrində xəsarət alması səbəbilə 2010-cu il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Ona başın açıq yarası diaqnozu təyin edilib, KT müayinəsi icra olunub. 

Pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb”.

Ətraflı videomaterialda:

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More