Elektron xidmətlər və dövlət informasiya sistemləri ildə 1 dəfə qiymətləndiriləcək

Dekabrın 9-da Nazirlər Kabinetinin Qərarı ilə “Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, yeni qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcə də dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.

Qiymətləndirmə prosesi ildə bir dəfə olmaqla müraciət, emal, nəticənin təqdim edilməsi kimi mərhələləri əhatə edəcək və müyəssərlik, məlumatların idarə olunması, inteqrasiya və təhlükəsizlik kimi əsas meyarlar əsasında aparılacaq.

Qiymətləndirmənin nəticəsi 5 ulduzlu sistem əsasında hesablanacaq, qiymətləndirilməsi aparılan quruma cari vəziyyət və təkmilləşdirmə istiqamətləri barədə arayış təqdim ediləcək. Qiymətləndirilmə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək. 

Qaydaya əsasən, elektron xidmətlərin funksionallığı və istifadə rahatlığı üzrə testlər keçiriləcək, istifadəçi rəyləri toplanacaq, yerində baxışlar aparılacaq, məlumatların dəqiqliyi və əlçatanlılığı yoxlanılacaq. Dövlət qurumları qiymətləndirmə üçün tələb olunan məlumatları təqdim etməli və aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görməlidirlər.

Qiymətləndirmənin ümumiləşdirilmiş illik hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Prezidentinə təqdim olunacaq və nəticələr rəsmi internet resursunda açıqlanacaq. 

Yeni qaydanın tətbiqi rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət informasiya sistemlərinin etibarlılığının və dayanıqlığının təmin edilməsinə, həmçinin rəqəmsal hökumət standartlarının daha da təkmilləşdirilməsinə imkan yaradacaq.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More