“Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri rejissor və ssenari müəllifi Suad Qarayeva qalmaqallı “Məhsəti” filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasında bildirib.
O, filmə görə hər kəsdən üzr istəyib: “Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm.
Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.
Xatırladaq ki, görkəmli şairə Məhsəti Gəncəvi ilə bağlı lentə alınmış filmdə Məhsəti obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilməsi geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.
Suad Qarayeva isə bundan əvvəl instaqram hesabında paylaşım edərək bildirmişdi ki, onun tərəfindən hazırlanan “Məhsəti” filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin mənəvi dəyərlərə uyğun olmadığını əsas göstərib. O özü də paylaşımında vurğulamışdı ki, filmdə Məhsəti obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.
Qeyd edək ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.