2029-cu ildə qədər Azərbaycan hökuməti “Coursera” platformasından alınan sertifikatların pulunu ödəmək istəyir.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən II Azərbaycan-Türkiyə investisiya forumunda bildirib.
“Sənayedə ən böyük təhlükə düşüncə tərzi və insan kapitalı ilə bağlıdır. İstənilən strategiyanın icrası nəticəsi etibarı ilə sonunda insan faktoruna bağlıdır. Əgər insan düzgün hazırlanmayıbsa, insan kapitalı yoxdursa, biliklər və bacarıqlar yerində deyilsə, o zaman böyük sıxıntı olur. Biz bu istiqamətdə “Coursera” ilə böyük bir əməkdaşlıq yaratmışıq. Nəticədə 70 min insana ödənişsiz 13 min kursa giriş imkanı verilib. Məqsədimiz odur ki, 2029-cu ilə qədər bütün bizim seçdiyimiz strateji sahələr üzrə azərbaycanlıların aldığı beynəlxalq sertifikatların pulunu dövlət olaraq geri qaytaraq”, – deyə o qeyd edib.
F.Cəfərov əlavə edib i, bu günə qədər 18-ə yaxın sənaye subyektinə rəqəmsal transformasiya istiqamətində dəstək verilib: “Həmin istehsal müəssisələrinin rəqəmsal diaqnostikası aparılır. Bura sənayenin bütün proseslərinin təhlili, onların biznes proseslərini, istehsal xətlərini görmək daxildir. Son nəticə həmin müssisələr üçün yol xəritəsi hazırlamaq istəyirik”.
4SİM rəhbəri hesab edir ki, özəl sektor üçün yatırım riskləri mövcuddur: “Yəni yol xəritəsini hazırlayırsan, amma o yol xəritəsini icra etmək baxımından vəsaitləri yoxdur. Bu baxımdan biz müxtəlif fondlarımız vasitəsilə maliyyə dəstəyi veririk. Digər tərəfdən 2029-cu ilə qədər 65 Azərbaycan şirkətinə bütün diaqnostikanın xərcini dövlət qarşılayacaq. Bu, məncə, dövlətin özəl sektorun inkişafı üçün edə biləcəyi ən yaxşı yatırımlardan biridir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.