Avstraliyalı alimlərin Antarktidada itirdiyi okean robotu 9 ay sonra üzə çıxaraq Denman Buzlağının altındakı isti suların əriməni sürətləndirdiyini və böyük təhlükə yaratdığını sübut edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Milli Elmi Agentliyi (CSIRO) tərəfindən Totten Buzlağını araşdırmaq üçün göndərilən sərbəst üzən okean robotu axınlara qapılaraq marşrutundan çıxıb və doqquz ay ərzində itib.
Alimlərin artıq ümidini kəsdiyi cihaz gözlənilmədən su səthinə çıxaraq, çatılması ən çətin bölgələrdən biri olan Denman Buzlağının altından kritik məlumatlarla geri dönüb.
Robotun təqdim etdiyi nadir məlumatlar Şeklton (Shackleton) Buz Şelfinin hazırda təhlükəsiz olduğunu, lakin Denman Buzlağının altında isti su kütlələrinin mövcud olduğunu və bunun əriməyə səbəb verdiyini göstərib.
Təkbaşına qlobal dəniz səviyyəsini təxminən 1,5 metr yüksəltmə potensialına malik olan bu buzlaq sahil zolaqları üçün ciddi təhlükə yaradır.
Cihaz buz şelfinin altında sıxışıb qaldığı müddətdə səthə çıxmağa çalışarkən dəydiyi nöqtələrdə dərinlik, duzluluq və temperatur ölçmələri apararaq Şərqi Antarktidanın altındakı ilk okean məlumatlarını qeydə alıb.
Məlumata görə, bu tapıntılar gələcəkdə oxşar robotların daha uzaq və riskli bölgələrə göndərilərək həyati əhəmiyyətli iqlim məlumatları toplaya biləcəyini sübut edib.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.