ABŞ senatoru Rik Skott Venesuelaya müdaxilənin Latın Amerikasında genişmiqyaslı siyasi transformasiyaya yol açacağını iddia edib.
“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, bu dəyişiklik dalğası Kuba və Nikaraquaya da yayılacaq, Kolumbiyada isə qarşıdan gələn seçkilər hakimiyyət dəyişikliyi ilə nəticələnəcək.
Respublikaçı senator Venesuelaya qarşı həyata keçirilən əməliyyatı müdafiə edərək bildirib ki, bu addım regionda siyasi tarazlığı köklü şəkildə dəyişəcək.
Skottun sözlərinə görə, Vaşinqtonun müdaxilələri davam edəcək və bu proses Latın Amerikasında yeni bir mərhələnin başlanğıcı olacaq.
R.Skott Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs olunması ilə nəticələnən əməliyyatdan sonra Prezident Donald Trampı, Dövlət katibi Marko Rubionu və Müdafiə katibi Pit Heqseti tərifləyib. O, əməliyyatın regionda siyasi balansı dəyişdirəcəyini vurğulayıb:
“Prezident Trampın etdikləri ilə fəxr edirəm. Onun Venesuelada atdığı addımlar Latın Amerikasını dəyişdirəcək. Bu, Venesuelanı dəyişdirmə prosesinin başlanğıcıdır”.
Regiondakı solçu hökumətləri də tənqid edən senator Vaşinqtonun müdaxilələrinin davam edəcəyini bildirib:
“Bu proses davam edəcək. Kubanı düzəldəcəyik, sonra Nikaraqua. Gələn il Kolumbiyada yeni prezident olacaq. Demokratiya bu yarımkürəyə qayıdır”.
Mənbə: Qafqazinfo.Az
Comments are closed.