Bir çox alış-veriş mərkəzlərində müştərilərin diqqətini cəlb etmək və onların məmnuniyyətini artırmaq məqsədilə müxtəlif məbləğli hədiyyə kartları təklif edilir.
Hədiyyə kartları bir neçə növdə təklif olunur ki, bunlara sabit məbləğli, yükləmə edilə bilən, endirim və bonus kartlarını misal göstərmək olar. Ən populyar hədiyyə kartı növü 50, 100, 200 AZN dəyərində olan sabit məbləğli kartlardır.
Oxu.Az xəbər verir ki, alış-veriş mərkəzlərində təklif olunan sabit məbləğli hədiyyə kartları müştərilərin böyük marağına səbəb olsa da, bu kartlarda göstərilən məbləğdən əlavə ödənilən vəsaitə görə istehlakçılar tərəfindən alıcıya əlavə dəyər vergisinin (ƏDV) qaytarılmaması ilə bağlı son vaxtlar narazılıqlar artmaqdadır.
Narazılığın əsas səbəbi hədiyyə kartından əlavə ödənilən məbləğ üçün ayrıca çekin vurulmamasıdır.
“Məndə 100 manatlıq iki hədiyyə kartı var idi. Kosmetika dükanına girib 243 manatlıq alış-veriş etmişəm. Əlavə ödədiyim 43 manata görə mənə ƏDV verilməyib. Mağaza isə bildirir ki, bu, bizim problem deyil”, – deyə Oxu.Az-a daxil olan şikayətdə bildirilir.
Məsələni araşdırmaq üçün sözügedən mağaza ilə əlaqə saxladıq.
Mağazadan Oxu.Az-ın sorğusuna cavab olaraq belə bir faktın olduğu təsdiqləndi.
“Problem olduğunu biz də bilirik və anlayırıq. Məsələ bundan ibarətdir ki, bu halda bizim edə biləcəyimiz heç nə yoxdur. Çünki kassirin hədiyyə kartı üçün bir, əlavə ödəniş üçün isə başqa çek vurmaq ixtiyarı yoxdur. Bu məsələ Vergi Departamenti tərəfindən bu cür tənzimlənib. Biz müştərinin aldığı bütün malların dəyərini bir çekə vurmalıyıq. Əgər müştəridə 100 AZN-lik hədiyyə kartı varsa və o, hətta 400 AZN-lik məhsul alırsa belə, biz ona əlavə ödədiyi 300 AZN-ə görə ƏDV ödəyə bilmirik.
Biz müştəriyə yalnız satış çeki təqdim edirik, ƏDV çeki təqdim edə bilmirik. Bu isə heç bir halda bizdən asılı bir məsələ deyil”, – deyə açıqlamada vurğulandı.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq.
Qurumun Media və Kommunikasiya İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq verdiyi açıqlamada da belə bir halın yaşandığı təsdiqləndi.
“Vergi ödəyicisi tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartı ilə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda, müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir. Mövcud qaydalara əsasən, malların dəyəri bonus, avans, nisyə ilə ödənildikdə, yaxud ödənişin tipi avans olduqda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmayıb.
Hədiyyə kartının satışına və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur. Qeyd etdiyiniz məsələ də yaxın zamanlarda həllini tapacaq”, – deyə açıqlamada bildirilib.
Başqa sözlə desək, Dövlət Vergi Xidməti yaxın zamanlarda alıcılara hədiyyə kartlarında göstərilən məbləğdən əlavə ödənilən vəsaitə görə ƏDV-nin qaytarılması məsələsinin həll olunacağını vəd edib.
Hesab edirik ki, bu, istehlakçıların hüquqlarının qorunması baxımından mühüm addım olacaq.
Əzizə İsmayılova