2020-ci il oktyabrın beşi – bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin doqquzuncu günü.
Oxu.Az xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Belə ki, səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab, Ağcabədi rayonlarının yaşayış məntəqələrini atəşə tutur. Hərbi əməliyyatların aparıldığı zonadan xeyli uzaqda yerləşən Gəncənin ikinci dəfə hədəf seçilməsi Ermənistanın faşist mahiyyətini növbəti dəfə ortaya qoyur. Ermənistan ərazisindən Gəncəyə raket atılması nəticəsində üç dinc sakin həyatını itirir. Mülki infrastruktura külli miqdarda ziyan dəyir.
Ermənistan silahlı qüvvələrinin dinc əhalinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşən raket mərmisinin qəlpələrindən Şəhriyar İsa qızı Mehdiyeva dünyasını dəyişir, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.
Həmçinin, erməni silahlı qüvvələrinin Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Eyvaz Musa oğlu Rəhimov həlak olur, rayonun Üçoğlan kənd sakini, 1971-ci il təvəllüdlü Mehman Ağalar oğlu Səfərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.
Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakini, 1955-ci il təvəllüdlü Raziyə Bayraməli qızı Abbasova həlak olur, eyni zamanda, top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri – 1958-ci il təvəllüdlü Məşdi İbrahim oğlu Həsənov, sonuncunun qızı, 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi, 2011-ci il təvəllüdlü Elcan Elgün oğlu Həsənov, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Rasim Nadir oğlu Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilirlər.
Eyni zamanda, Beyləqan şəhərinə atılan iki ədəd raket mərmisindən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşür.
Günorta saatlarında isə Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini və Beyləqan şəhərini yenidən atəşə tutur. Bu, Ermənistanın terroru dövlət səviyyəsində dəstəklədiyini bir daha göstərir.
Bununla yanaşı, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alır.
Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan Azərbaycan Ordusu isə bu təxribatların cavabını yenə də döyüş meydanında verir. Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha üç ədəd tankı, həmçinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının iki ədəd, 41-ci artilleriya alayının iki ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilir.
Azərbaycan Ordusu isə hər şeyə rəğmən, tarix yazmağa davam edir. Prezident İlham Əliyev özünün “X” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan tam azad etdiyini açıqlayır.
Təbii ki, müharibənin doqquzuncu günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib