“Üç günə ayrılarsınız”, “almanlar çətin, soyuq millətdir”, “pasport xətrinə qurulan evlilikdir”, “çox ağlayacaqsan, indidən ayrıl məncə”…
Bu fikirlər əslən alman oğlanla ailə qurmaq qərarı verdiyi üçün azərbaycanlı xanıma deyilib. O isə, sadəcə qəlbinin səsini dinləyib: “Ətrafdakıların deyil, qəlbimin səsini dinlədiyim üçün özümə təşəkkür edirəm. Çox az insanın çıxdığı bir yola çıxdım. Səninlə eyni yolda getməkdən heç yorulmadım, bezmədim. Bəzən dayandıq, durduq, bəzən isə qaçdıq. Amma əlimizi heç buraxmadıq”.
Hazırda beş illik xoşbəxt evliliyi və bir oğlu var. Bu paylaşımı da evliliklərinin beşinci ildönümlərində sosial şəbəkə hesablarında bölüşüb. Budəfəki “Ailə” rubrikamızın qonaqları alman Andreas Kroger və azərbaycanlı Günay Krogerdir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
“Salam”la başlayan münasibət
Cütlüyümüzün ilk görüşü dostları sayəsində olsa da, onları bir-birinə bağlayan sosial şəbəkə olub. Günay o vaxt Almaniyada təhsil alırmış: “O zamanlar mən Almaniyada təhsil alırdım. Biz Reklinqhauzendə kiçik bir restoranda tanış olmuşduq. Oraya rəfiqəmlə getmişdim. Andreas da öz dostu ilə gəlmişdi. Rəfiqəm yoldaşımın dostunu tanıyırdı. Biz restoranda bir-birimizi gördükdə sadəcə çox qısa şəkildə salamlaşdıq. İlk görüşdə məndən xoşu gəldiyini hiss etməmişdim. Evə gedəndə əvvəlcə dostunun “Facebook” səhifəsindən rəfiqəmi tapıb. Rəfiqəmin də profilindən məni tapıb gecə “salam” yazmışdı. Mən onu səhər cavablandırıb “mən sizi tanımadım axı”, – yazdım. Söhbətimiz orada da yarımçıq qaldı. Bir neçə gündən sonra yenidən yazdı. Bu şəkildə yavaş-yavaş danışmağa başladıq”.
Andreas deyir ki, ilk baxışda Günayın qaraşın olması, sonra isə bişirdiyi dadlı təamlar onun diqqətini cəlb edib: “İlk gördükdə görünüşünü çox bəyəndim. Bir az qaraşın olması məndə maraq doğurmuşdu. Lakin qısa şəkildə salamlaşdığımız üçün elə də ciddi bir şey düşünməmişdim. Sadəcə xarici görünüşcə bəyənmişdim. Günayın yeməkləri çox dadlıdır. Onun sayəsində yemək vərdişlərim xeyli dəyişib. Elə ilk bişirdiyi yeməkdən aşiq olmuşdum. Almaniyada da deyirlər ki, “sevgi mədədən keçir”. Milli yeməklərinizdən də bişirirdi. Beləliklə, mənim qəlbimi qazandı”.
“Dəstəyini hər zaman hiss edirdim”
Günayı isə Andreasın ona olan dəstəyi və heyvanlara sevgisi cəlb edib: “Andreas məni olduğum kimi qəbul edirdi. Məsələn, o vaxtlar mənim alman dilim çox zəif idi. Yenə də bir-birimizi başa düşməyə çalışırdıq. Münasibətimizdəki problemləri də birlikdə aşırdıq. Həmçinin Almaniyada mənə çox dəstək olurdu. Xarici ölkədə təkbaşına idim. O, daim arxamda dayandı. Ayrı şəhərlərdə yaşasaq da, dəstəyini hər zaman hiss edirdim. Düşünürəm ki, məhz bu xüsusiyyətinə görə onu həyatımın adamı olaraq seçdim. Hər zaman nəsə bizi bir-birimizə yaxınlaşdırıb sanki… Onun mərhəmətli olmağı da məni özünə cəlb etmişdi. Heyvanlara qarşı xüsusi sevgisi var. Yolda hansısa heyvanı köməksiz gördükdə ona yardım edir, yaxud zəng vurub xüsusi orqanlara təhvil veririk. Onun bu cür təmiz ürəyinin olması mənə təsir etmişdi”.
“Restorana qədər gözləyə bilmədi”
Günay Andreasın ona evlilik təklifi sürprizindən də danışdı: “Yoldaşım mənə evlənmə təklif etmək üçün bir-birimizi ilk dəfə gördüyümüz restoranı danışmışdı. Mənə orada evlənmə təklif etməyi planlaşdırmışdı. Maşına oturduğumuz andan hiss edirdim ki, nəsə çox həyəcanlıdır. O qədər həyəcanlı idi ki, restorana qədər gözləyə bilmədi. Mağazanın dayanacağında üzüyü çıxarıb mənə evlənmə təklifi etdi. Sonra isə birlikdə həmin restorana gedib bunu qeyd etdik. Nikahımızı da eyni yerdə qeyd etmişik”.
Günay uşaqlıqdan əcnəbi ilə ailə qurmağı arzulayıb: “Həmişə sarışın, mavi gözlü oğlanlara xüsusi simpatiyam olub. Yeniyetmə yaşlarımda “Yabancı damat” adlı serial var idi. Həmişə ona baxıb deyirdim ki, mənim də yoldaşım kaş xarici olardı. Düşünürəm ki, insan bir şeyi ürəkdən istədikdə o, mütləq reallaşır. Amma istəməkdən əlavə, hərəkət də etmək lazımdır”.
Fərqlilikdən yaranan ailə
Andreasın fikrincə, Günay və o fərqlidirlər. Lakin sevgiləri də məhz bu fərqlilik sayəsində gözəlləşir: “Bizim ortaq xüsusiyyətlərimizdən çox, fərqliliklərimiz var. Məsələn, mən daha passiv səyahət sevsəm də, Günayda tərsinədir. Sevgimizin sayəsində bu fərqliliklərimizin öhdəsindən gəlirik. Əks qütblər həmişə bir-birini çəkir”.
Cütlüyümüz nə qədər fərqli olsa da, sevgiləri sayəsində ortaq məşğuliyyətlər tapır: “Bizim hər bazar günü birlikdə etdiyimiz məşğuliyyətlərimiz mövcuddur. Hər ikimiz yorğun olsaq da, hava imkan verdikdə həftə sonları ən az bir saat yoldaşım və oğlumla velosiped sürürük, yaxud üzgüçülüyə gedirik”, – deyə Günay vurğulayır.
“Qayınanam da yoldaşım kimi ünsiyyətcildir”
Almanların xasiyyətcə soyuq olması fikrinə Günaydan tam fərqli münasibət var: “Almanların soyuq olduqları deyilsə də, mən yoldaşımda bunu görməmişəm. Hətta təkcə mən yox, digər insanlar da bunu deyir. Məsələn, harasa getdikdə insanlar ilk baxışda mənimlə o qədər mehriban olmasalar da, yoldaşımı ilk baxışdan sevirlər. Buna ölkəmizdə də şahid olmuşuq. Heç bilmirlər hansı millətdəndir, amma ilk görüşdən onu çox xoş qarşılayırlar. Gəlib şəkil çəkdirirlər, danışmaq istəyirlər. Soruşurlar ki, “bizimlə niyə danışmır”. Deyəndə ki, “almandır”, hətta təəccüblənirlər. Düşünürəm ki, bəlkə də mən yoldaşımdan daha soyuğam. Ailəsindən də heç bir soyuqluq hiss etməmişəm. Qayınanam da yoldaşım kimi ünsiyyətcildir”.
Hər şeyin ilki çətin olur
İndi hər kəs Andreası sevsə də, beş il öncə hər şey bu qədər asan olmayıb: “İlk başda ailəmin münasibətimizi qəbul etməsi çətin olmuşdu. Çünki o zamana qədər ailəmizdən heç kim nə xaricdə təhsil alırdı, nə də xarici vətəndaşla ailə qurmuşdu. O səbəbdən narahatlıqlar var idi. Anam əcnəbi oğlanla ailə qurmağımı istəmirdi. Deyirdi çətin olacaq. Dilimizi, adətlərimizi bilmir, fərqli mühitlərdə böyümüşük, alınmaz. İlk başda dedi-qodular çox olurdu. Amma sevgimizin arxasında dayandıq. O səbəbdən hazırda bərabərik. İndi hamı Andreası məndən çox sevir. Azərbaycana gəldikdə hamı bizi qonaq çağırır. Ona çoxlu hədiyyələr alırlar”.
“Dərin söhbət edə, dərdləşə bilmirlər”
Günayın qayınanası elə ilk gündən azərbaycanlı gəlinini çox sevib və onların münasibətini dəstəkləyib: “Anam alman dilini bilmədiyi üçün qayınanamla tam ünsiyyət qura bilmir. Daim mən onlar üçün tərcüməçilik edirəm. Bir-biriləri ilə normal yola gedirlər. Düzdür, dərin söhbət edə, dərdləşə bilmirlər. Qayınanam da çox istəyir ki, gəlsin, Azərbaycanı görsün. Mən ona Azərbaycan haqqında danışmışam. Almaniya çox vaxt soyuq olduğu üçün onda ölkəmizə çox böyük maraq yaranıb. Biz Azərbaycanda olanda da ona buradan çoxlu şəkillər çəkib yollayırıq”.
Almanın Azərbaycan haqqında düşündükləri
Andreas isə deyir ki, Günaydan öncə Azərbaycanı tanımırmış: “Bilirdim ki, belə bir ölkə var. Amma haqqında məlumata sahib deyildim. Paytaxt Bakını belə tanımırdım. Sadəcə, əvvəllər SSRİ-nin tərkibində olduğunu, həmçinin neft çıxdığını bilirdim”.
Lakin Günayı tanıdıqdan sonra vəziyyət dəyişib. Andreas artıq iki dəfə ölkəmizdə olub. O, Azərbaycanda bəyəndiyi və ona qəribə gələn xüsusiyyətlərdən danışdı: “Azərbaycanlı ilə evlənməyin orası yaxşıdır ki, tez-tez buraya gəlirik. Nabran, Xızı, Bakı və Sumqayıtda olmuşuq. Azərbaycanı çox bəyənirəm. Burada hər şey daha rəqəmsaldır. Məsələn, Almaniyada hələ də məktub sistemi mövcuddur. Azərbaycanda daha asandır. Həm də ən sevdiyim odur ki, burada yağış çox yağmır, hava daha günəşlidir. Hər zaman gəldikdə dənizə gedirik. Sizin ölkəniz çox təmizdir. Düşünürəm ki, estetikaya çox önəm verirlər. Hər yerdə bayrağınızın asılması da mənə maraqlı gəldi. Dəyərlərinizə çox önəm verirsiniz. Məsələn, Almaniyada adi halda küçələrdə bayraq görə bilməzsiniz. Bir də hər yerdə polisin olması, daim yoxlanış, nəzarət olunması çox gözəldir. Metro çox ucuzdur. Almaniyada metroda bir gediş üç avrodur.
Amma burada maşın sürmək çox çətindir. Mənə maraqlı gələn yollarınızdakı xətlərdir. Çünki sürücülər xətti tapdalayıb digər sıraya keçirlər. Maşın sürməyiniz çox qeyri-adidir”.
Andreasın Azərbaycanda ən bəyəndiyi isə yeməklərimizdir: “Azərbaycanın mədəniyyətini, yeməklərini sevirəm. Yeməklərinizdən ən çox bəyəndiyim plovdur. Lülə kabab da çox dadlıdır. Badımcan dolması da gözəldir. Şirniyyatlarınızdan isə paxlavanı bəyənirəm. Yemişiniz də tamlıdır. Düşünürəm ki, burada xiyarın, pomidorun da dadı başqadır”.
Günayın sayəsində milli bayramlarımızı da unutmurlar
Almaniyada yaşasalar da, Günayın sayəsində milli bayramlarımızı da unutmurlar: “Bayramlarımızdan Novruzu qeyd edirik. Şirniyyatlarımızdan bişirirəm. Oğlumla yumurta boyayırıq, toqquşdururuq. Andreasın ailəsi də Novruz şirniyyatlarımızla tanışdır. Anam Azərbaycandan gəldikdə özü ilə həmişə gətirir. Ramazan bayramını da qeyd edirik”.
Alman kürəkən ölkəmizə səfər etdikdə toylarımızla da tanış olub: “Bir neçə dəfə toylarınızda olmuşam. Orada mənə ən qəribə gələn çox qonağın olması, həmçinin süfrədəki yeməklərin bolluğudur. Yeməklər fasiləsiz olaraq gəlir. Toyda kəsilən böyük tortlar da mənim üçün qeyri-adidir. Toy mahnılarınızı da bəyənirəm. Rəqslərinizi də yavaş-yavaş oynamağı öyrənirəm. Daha doğrusu, rəqs edənlərə baxıb onları təkrarlamağa çalışıram. Bir az çətinlik çəkdiyim ayaq hərəkətləridir. Amma əl hərəkətlərini az-çox edə bilirəm”.
“Dilinizi daha dərindən öyrənmək istəyirəm”
Günayın bir paylaşımında Andreas dilimizi öyrənmək istədiyini bildirmişdi: “Çox sağ ol”, “salam”, “çox yaxşıyam”, “çox ləzzətli” sözlərini bilirəm. Dilinizi daha dərindən öyrənmək istəyirəm. Hətta gələcəkdə təqaüdə çıxdıqda bəlkə buraya köçməyi də düşünə bilərik”.
Günay deyir ki, evlərində həm alman, həm də Azərbaycan dillərində danışırlar: “Mən özüm istəyirdim ki, Andreas dilimizi öyrənsin ki, anamla az da olsa danışa bilsin. Ən çox anam gələndə həvəs yaranır, dilimizi anlamaq istəyir. Düşünürdüm ki, oğlumuz danışmağa başlayanda onunla bərabər dilimizi öyrənəcək. Övladımızla hərəmiz öz dilimizdə danışırıq. Hər ikimizi anlayır”.
“Almanlar dostlarını uşaqlıqdan seçirlər”
Səkkiz ilə yaxındır Almaniyada yaşayan Günay orada ona qəribə gələnlərdən bəhs etdi: “Almaniyada mənə ilk zamanlar ən çətin gələn orada həftə sonları hər yerin bağlı olması idi. Çünki burada həftə sonları gəzintiyə çıxmağa, harasa alış-verişə getməyə öyrəşmişik. Orada isə həftə sonu hər kəs evində istirahət edir. İlk başda bu, mənə çox sıxıcı gəlirdi. İndi bazar gününün sakitliyini sevirəm. Bazar günü hər tərəf səssizliyə qərq olur. Pəncərəni açıram, quşların səslərini dinləyirəm. Axşam saat səkkizdən sonra da sanki həyat sönür. Yalnız cümə və şənbə günü insanlar əylənir. Almaniyada dost tapmaq da çox çətindir. Almanların xüsusi dost çevrəsi olur. Məsələn, Andreasın bağçadan bəri görüşdüyü dostları var. Almanlar dostlarını uşaqlıqdan seçirlər. Neçə il birlikdə işləsən də bir-birinə nömrə vermək, dostlaşmaq olmur. Orada insanların öz şəxsi sərhədləri mövcuddur. Münasibətlərin əksəriyyəti sosial şəbəkələr üzərindən qurulur”.