Bu gün Cəbrayılda ilk dərs günüdür.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə dərslər başlayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və beş inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, dörd STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
1876-cı ildən fəaliyyətə başlayan məktəb Ermənistanın işğalı nəticəsində viran edilmişdi. Təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.