Türkiyədə “Discord” və “Telegram”da cinayət xarakterli paylaşım edən 2 uşaq saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.
Nazirin verdiyi məlumata görə, uşaqlardan birinin “Discord” sosial media platformasında cinayət məzmunlu videoları redaktə etdiyi aşkarlanıb. Digər uşağın isə “Telegram” platformasında “Hz. Əbu Cəhl” adlı qrupda uşaqlarla bağlı ədəbsiz xarakterli, polisi və şəhidləri təhqir edən, dini dəyərləri alçaldan paylaşımlar etdiyi məlum olub. Hər iki uşaq İzmir vilayətinin Kibercinayətlərlə Mübarizə Şöbəsinin qrupları tərəfindən nəzarət altına alınıb və psixoloqun müşayiəti ilə prokurorluğa ifadə verəcəklər.
Nazir Ali Yerlikaya paylaşımında kiberzorakılıqla mübarizənin davam edəcəyini bildirib.
“Milli-mənəvi dəyərlərimizi alçaldan, xalqı kin və düşmənçiliyə sövq edən, cinsi istismara səbəb olan kiberzorakılıqla məşğul olanlara göz açdırmayacağıq. Uşaqlarımızı öz şər və azğın düşüncələrinə alət edənlər hansı dəlikdə gizlənsələr də, onları bir-bir ələ keçirib ədalətə təslim edəcəyik”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə 19 yaşlarında iki qızı vəhşicəsinə parçalayaraq öldürən Semih Çelik adlı şəxsin telefonuna baxış zamanı onun üzvü olduğu qrupda bir mesajlaşma tətbiqi üzərindən özlərini “incel” kateqoriyasına aid edən şəxslərlə əlaqə saxladığı ortaya çıxıb. Onun bu mesajlaşmaları “Discord” üzərindən həyata keçirdiyi iddia edilir.
İngiliscə “involuntary celibacy” (“məcburi subaylıq”) ifadəsinin qısaltması olan “incel” qadınlara və yaşadıqları cəmiyyətə düşmən münasibət bəsləyən, şiddətə və zorakılığa meyilli insanları ifadə edir.
Həmçinin bildirək ki, Türkiyədə “Discord” mesencerinə giriş bloklanıb.
Bu barədə məlumat verən Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun sözlərinə görə, qərar Ankara məhkəməsi tərəfindən verilib.
Bildirilir ki, “Discord”a girişin bloklanması mesencerdə zorakılığın təbliği, şantaj, cinsi istismar və bu kimi cinayət halların geniş yayılması ilə bağlıdır.