ABŞ-nin Florida ştatını vuran “Milton” qasırğası Tampa körfəzindən suyu çəkib çıxarıb.
Bu barədə Oxu.Az “New York Times” qəzetinə istinadən xəbər verir.
Tampa körfəzində nadir təbiət hadisəsi baş verib ki, elm adamları bunu “əks fırtına dalğası” adlandırırlar. Qasırğa müvəqqəti olaraq körfəzdən bütün suyu çəkib ki, nəticədə suyun dibi üzə çıxıb, Beyşor bulvarı ərazisində dəniz suyunun səviyyəsi isə xeyli aşağı düşüb.
Pensilvaniya Universitetinin Landşaft arxitekturası kafedrasının dosenti Piter Stempelin sözlərinə görə, güclü küləklər suyu sahil körfəzlərindən “sıxışdırdıqda” “əks fırtına dalğası” yaranır.
Florida Fövqəladə Hallar Departamentinin mütəxəssisləri yerli sakinləri körfəzin açıq dibinə çıxmamağa çağırıb, çünki su tezliklə qayıda bilər.
Qeyd edək ki, oxşar hadisə 2022-ci ildə “İan” qasırğası zamanı da baş verib. Nəticədə su bir neçə saat körfəzi “tərk edib”, sonra qəfil “geri dönüb”.