Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Mahir Bəylərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mahir Bəylərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 20 yanvar 2024-cü il tarixdə, saat 18:20-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən telefon mağazasının qarşısında qeydə alınıb.
Belə ki, olaydan təxminən bir ay əvvəl 1997-ci il təvəllüdlü Mahir Bəylərov sözügedən mağazanı icarəyə götürüb işlədən zərərçəkmiş Qulam Həmidovdan (şərti) telefon alıb. Sonra telefonun ekranında nasazlıq olub və o, telefonu geri qaytarmaq üçün zərərçəkmiş şəxslə əlaqə saxlayıb. Zərərçəkmiş şəxs pulunun olmadığını və daha sonra verəcəyini bildirib. Hadisə günü Mahir Qulamın işlətdiyi mağazaya gedərək ondan pulunu geri tələb edib. Sonra həmin şəxslərin arasında mübahisə yaranıb və zərərçəkmiş şəxs onu söyüb təhqir edib. Bu zaman Mahir bıçaqla qəsdən Qulamın qarın nahiyəsinə bir zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Mahir Bəylərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.