Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Naqura şəhərindəki qərargahı yaxınlığında yenidən partlayışlar baş verib, iki sülhməramlı yaralanıb.
Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidməti məlumat yayıb.
“Bu səhər, son 48 saat ərzində ikinci dəfədir ki, UNIFIL-in qərargahında partlayışlar baş verib. Müşahidə qülləsi yaxınlığında baş verən partlayışlar nəticəsində iki sülhməramlı yaralanıb”, – press-relizdə qeyd olunub.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Bundan sonra İsrail ordusunun buldozeri İsrail-Livan sərhədi yaxınlığında, Labbuna bölgəsində UNIFIL mövqelərindəki maneələri dağıdıb və beləliklə, İsrail ordusunun tankları BMT mövqelərinin bilavasitə yaxınlığında yerləşdirilib.
“Sülhməramlılarımız yerində qalıb və yardım göstərmək və mövqeləri gücləndirmək üçün UNIFIL-in çevik reaksiya qüvvələri göndərilib”, – məlumatda bildirilir.
Öz növbəsində, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti izahat verib ki, İsrail hərbçiləri onları təhdid edən, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin postunun yanında yerləşən hədəfi atəşə tutub və sülhməramlılar təsadüfən bu atəşə tuş gəlib.