Çin hökuməti 1990-cı illərin sonundan bəri ilk dəfə olaraq maliyyə sisteminin böhranının qarşısını almaq üçün böyük banklara dövlət vəsaitlərinin təcili şəkildə köçürülməsini elan edib. Bu proqramın təmin edilməsi üçün xüsusi xəzinə istiqrazları buraxılacaq.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Pekində keçirilən mətbuat konfransında Çin Maliyyə Naziri Lan Foan məlumat verib.
O, dövlət banklarına köçürüləcək konkret məbləği açıqlamayıb. Nazir yalnız dövlət istiqrazlarının buraxılışının əhəmiyyətli dərəcədə genişləndiriləcəyini bildirib.
Məlumata görə, bazarda konyunkturanı dəstəkləmək üçün köçürmələrin həcminin 2 trilyon yuan (283 milyard dollardan çox) olacağı barədə fikirlər səsləndirilir.
Çində dövlət vəsaitlərinin dövlət banklarına böyük həcmdə köçürülməsi 1998-ci ildən bəri ilk dəfədir baş verib. O zaman dünyanı qlobal maliyyə böhranı sarsıtmışdı. Hətta ən böyük Çin bankları belə, tikinti-rieltor sektorunda struktur böhranı səbəbindən qaytarılmayan kreditlərin həcmi böyük olduğu üçün hazırda kəskin vəsait çatışmazlığı təhlükəsi ilə üzləşiblər. Maliyyə qurumları həmçinin zəif işgüzar konyunkturanı stimullaşdırmaq üçün mərkəzi hakimiyyətin getdiyi kredit faizinin azaldılması səbəbindən gəlirlərin əhəmiyyətli dərəcədə azalmasından əziyyət çəkirlər.
Çin Maliyyə Naziri bu il dövlət büdcəsinin gəlirlərinin nəzərdə tutulmuş səviyyədən aşağı olacağını və onun kəsirinin 4,06 trilyon yuan (574 milyard dollar) təşkil edəcəyini bildirib.