“ABŞ-nin xüsusi xidmət orqanları son günlər İranın keçmiş prezident Donald Trampa sui-qəsd hazırladığı iddiasını gündəmə gətirməkdədirlər. Trampın İsrail tərəfdarı olması və hətta İranın nüvə obyektlərinə zərbələr vurulmasını dəstəkləməsi bu iddiaların əsas səbəbi kimi göstərilir”.
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın dövlət və ictimai xadimi, diplomat, politoloq Sergey Markov özünün “Telegram” kanalında yazıb.
Markov qeyd edib ki, ümumi rəy bunun əksini göstərir.
“Trampa sui-qəsdi İran deyil, məhz ABŞ daxilindəki müəyyən qüvvələr hazırlayır. Politoloqun fikrincə, onlar İranı bəhanə gətirərək əslində keçmiş və gələcək prezidenti aradan götürmək niyyətindədirlər.
Ötən prezident seçkisində Tramp qalib gəlsə də, nəticələr Baydenin xeyrinə saxtalaşdırılmışdı. İndi isə koronavirus pandemiyasının bitməsi ilə seçkidə saxtakarlıq etmək imkanları məhdudlaşıb. Buna görə də, COVİD 19 epidemiyası əvəzinə, seçki baş verərsə, qalib gəlmə ehtimalı yüksək olan Trampa qarşı sui-qəsd cəhdləri epidemiyası başlayıb”, – o yazıb.