Şimali Karolinanın (ABŞ) “Helen” qasırğasından dağılmış Rezerford regionunda işləyən xilasetmə işçiləri silahlı dəstələrin təhdidləri səbəbindən əməliyyatları dayandırmağa və təxliyə etməyə məcbur olublar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “The Washington Post” xəbər yayıb.
Bildirilib ki, Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA) əməkdaşları xilasetmə işçilərini “ovlayan” silahlı adamlarla iki yük maşını haqqında təcili məlumat alıblar. Bundan sonra bölgədəki bütün FEMA personalına dərhal ərazini tərk etmək və təhlükəsiz yerə köçmək əmri verilib. Bununla da xilasetmə işləri dayandırılıb.
Xilasedicilər öz mövqelərinə ancaq bir gün sonra qayıda və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını davam etdirə biliblər.
Yeri gəlmişkən qeyd edək ki, “Helen” qasırğası insan ölümü və dağıntılardan əlavə, dünya yarımkeçirici sənayesi üçün ciddi nəticələrə səbəb ola bilər. Şimali Karolinada elektronika, avtomobillər, tibbi cihazlar və günəş batareyaları üçün çiplərin istehsalında əsas komponent olan dünyanın ən təmiz kvarsını istehsal edən iki mədən yerləşir. Bu unikal kvars təxminən 380 milyon il əvvəl bölgədə formalaşıb. Onun hasilatında hər hansı fasilə qlobal yarımkeçirici bazarında onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirə bilər.